Son günlərdə futbol ictimaiyyətində müzakirə olunan məsələlərdən biri də Ramazan ayında oyunçuların oruc tutmasıdır. Belə ki, futbolçuların bu səbəbdən performansında eniş olduğu və bunun da komandanın ümumi nəticəsinə təsir etdiyini iddia edənlər var. Hətta bəzi Avropa klubları sırf bu səbəbdən müsəlman futbolçulara Ramazan ayında oruc tutmağı qadağan edir.
Maraqlıdır, oruc tutmaq futbolçuların performanslarına nə dərəcə təsir edir? Onlar meydanda buna görə hansısa çətinliklərlə üzləşirlərmi? Bu barədə Premyer Liqa klublarımızdan “Şamaxı”ın fiziki hazırlıq üzrə məşqçisi Vüsal Qarayevlə söhbət etdik.
O, İdmanxeber.az saytına açıqlamasında məsələ ilə bağlı bunları dedi:
“Əvvəla onu deyim ki, hamının inancı var və biz buna hörmətlə yanaşırıq. Bununla bağlı hər hansı bir qadağadan söhbət gedə bilməz. Ancaq təbii ki, uzun müddət ac-susuz qaldıqda futbolçuların performansına müəyyən qədər təsir göstərir. Buna görə biz heç kimə müdaxilə edə bilmərik. Bizim komandada kifayət qədər oruc tutan futbolçular var. Bu günə qədər hər hansı bir problemlə üzləşməmişik. Nə məşqdə, nə oyunda kimsə özünü pis hiss etməyib. Bununla bağlı həkimə şikayət olunmayıb.
“Səbail”lə matçda neçə oyunçumuz oruc tutmuşdu. Çox şükür ki, heç bir problem olmadı. Düzdür, istər səhər, istərsə də axşam həkimlər tərəfindən futbolçulara vitaminlər verilir. Amma bunu yalnız Ramazan ayında yox, hər zaman edirik. Oyunçular özləri də peşəkardırlar. Necə qidanlanmalı olduqlarını çox yaxşı bilirlər. Yenə deyirəm, Ramazan ayı başlayandan biz məşqlərimizi normal şəkildə davam etdiririk. Buna güc, sürət və s kimi məşqlər də daxildi. Bu gün komandada 7-8 futbolçu oruc tutur. Onların performansında eniş olsa belə, yenə də hər hansı bir qadağa olmayacaq. Çünki hardan bilmək olar ki, futbolçunun performansı oruca görə enib? Məsələn, “Səbail” matçında heyətdə oruclu futbolçular var idi. Onlardan birinin göstəricilərinə baxanda gördüm ki, digər oyunlardan daha çox qaçıb. Oruc tutulması futbolçuya çox təsir göstərmir, əksinə Allah daha da güc verir”.
Həsən Quluzadə