AZ

Ayan Allahverdiyeva: “Dünya çempionatındakı medal özümə 8 Mart hədiyyəm idi” - MÜSAHİBƏ

Azərbaycan şahmatçısı Ayan Allahverdiyevanın İdman.biz-ə müsahibəsi

- Monteneqroda keçirilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatında gümüş medal qazandınız. Əvvəla sizi təbrik edirik. Çıxışınızdan razı qaldınız?

- Bu yarışda özümdən yaxşı nəticə gözləyirdim. Hətta qızıl belə ola bilərdi. Fikrimcə, bu turnirdə yaxşı çıxış elədim. Qalib gəldiyim şahmatçılar arasında reytinq xalı çox yüksək olanlar vardı. Həmin qələbələrə daha çox sevindim, həmçinin bu yarışdan sonra öz reytinqimi də qaldırdım.

- Belə başa düşdüm ki, bu turnirdə sizin üçün prioritet reytinq xalını qaldırmaq idi.

- Yox. Əlbəttə ki, medal da vacibdir. Ancaq medal elədir ki, ani bir məqamda bəxtin gətirməz və sən onu itirə bilərsən. Məsələn, bu yarışda elə qızlar var idi ki, səkkiz turdan sonra birinci yerlərdə gedirdi, son turlarda dözə bilmədilər.

- Azərbaycan çempionatdakı çıxışınızı necə dəyərləndirərdiniz?

- Biabırçılıq. Çox pis oynadım çox. Ancaq həmin yarışdan sonra özümə söz verdim ki, daha çox çalışacam. Çempionatda uduzmağım mənə güc verdi ki, bu yarışa daha yaxşı hazırlaşım. Düzdür, yarışda çox güclü rəqiblər vardı. Ancaq uduzmağımın səbəbi bu deyildi, çünki birinci raundda mübarizəni dayandırdım. Sadəcə pis oynadım.

- Bəs Monteneqro uğurundan sonra özünüzü necə mükafatlandıracaqsınız?

- Bu medal özümə 8 Mart hədiyyəm idi. Mükafata gəldikdə, bilirsiniz mən artıq həm qələbəyə, həm də məğlubiyyətə sakit baxmağa çalışıram. İndi əsas məqsədimə fokuslanmışam. Ona qədər əldə etdiyim nəticələr isə sadəcə mərtəbənin pilləkənləridir. Bu uğur da həmçinin. Ona görə də, xüsusi bir bayram etməyəcəm. Bəlkə bir gün istirahət edib, təkrar məşqlərə davam edəcəm.

- Növbəti yarışınız hansı olacaq?

- Martın 30-da qadınlar arasında Avropa çempionatı olacaq. Ora hazırlaşacam və yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm.

- Qeyd etdiniz ki, əsas hədəfinizə fokuslanmısınız. Söhbət hansı məqsəddən gedir?

- Qrosmeyster adını almaq və dünya çempionu olmaq.

Aytac Sahəd
İdman.biz

Seçilən
46
idman.biz

1Mənbələr