“Barselona”nın keçmiş baş məşqçisi, ispan mütəxəssis Xavi Ernandes özünün futbolçu karyerasına nəzər salıb.
Arena.az “France Football” nəşrinə istinadən, Xavinin bu barədə qənaətini təqdim edir:
“Bizim nəsil nə vaxtsa oynamış futbolçuların ən yaxşısı Lionel Messi ilə İspaniya futbol tarixində ən yaxşısı idi. Mən, bizim bütün zamanların ən yaxşı komandası olub-olmadığımızı bilmirəm, amma tarixin ən yaxşı komandalarının ilk dördlüyündə və ya beşliyində olmaq – nəhəng bir imtiyazdır.
Mən özümü heç bir halda Lionel Messi və ya Kristiano Ronaldodan daha yaxşı futbolçu hesab etmirəm. Mən oyun qurucusu idim, amma mənim, oyunun taleyini sərbəst surətdə həll etmək imkanım yox idi. Mən “Qızıl top”un səsverməsində üç dəfə üçüncü olmağımla da fəxr edirəm”, deyə Xavi vurğulayıb.
Futbol ölçüləri ilə gənc sayıla biləcək 45 yaşlı mütəxəssisin 24 ili məhz “Barsa”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib, çoxsayl qənimətlər qazanıb.
Xatırladaq ki, “Barselona” Xavini 2024-cü ilin may ayının 24-də istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” 2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023-cü illər mövsümündə ispan mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb.