AZ

Elmar Baxşıyev: “Təzyiq altında işləməyə öyrəşmişəm”

Azərbaycan Premyer Liqasının XXVI turunda  baş tutan “Araz-Naxçıvan” – “Qarabağ” (1:3) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Maraqlı oyuna şahid olduq. Dinamik oyun keçdi. Kubok oyunlarına görə 4 gündən bir tsiklda oynayırdıq. Buna görə də sıxıntımız var idi. Futbolçularıma təşəkkür edirəm ki, həmin sıxıntını bizə oyunda göstərmədilər. Yaxşı komandaya məğlub olduq. Bunu unudub, növbəti matçlara hazırlaşacağıq.

– Meydanda baş verən hadisədən belə çıxdı ki, yeganə günahkar Felipe Santosdur. Amma təkrara baxdıqda Elvin Cəfərquliyevin Santosu boğduğu və daha bir sıra məqamlar göründü. Hakimin qərarı haqda nə düşünürsüz?
– Mən həmişə gördüyümü deməyə çalışmışam və nəyi də görmüşəm onu deyirəm. Heç kimdən də çəkinmirəm. Bəzən sizin həmkarlar mənim dediklərimi başqa yerə yozurlar ki, Elmar deyinir. Bir az etikadan çıxıram, amma həqiqəti həqiqət kimi göstərmək lazımdır. Neçə oyundur ki, bu baş verir. Hansı ki, bizim limitdə olan oyunçulara çox rahat şəkildə “sarı” verirlər. Bu, uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri adlayacayıq. Mənə də təəccüblü gəldi ki, 20 nəfər komanda şəklində mübahisə edir. Amma bir nəfəri günahkar çıxartmaq, acizlikdir. Yenə də fikirləşirlər ki, Santosu sındırmaqla bizə təsir edəcəklər, əfsuslar olsun.

– Qara Qarayevin durumu nə yerdədir?
– Mikro zədədir. Neçə oyun idi ki, 90 dəqiqə oynayırdı. Ehtiyat edib, onu əvəzlədik.

– Sındırmaq deyirsiz. Bəs bunun kökündə nə dayanır?
– Mənə aid məsələ deyil, bunun nədən qaynaqlanması. Amma görünən odur ki, verdikləri qərarlarla təsir edirlər. Sabah başqa cür yozacaqlar. Möhkəm olmalıyıq və işimizə davam etməliyik. Məncə, komandam layiqli cavab verəcək.

– Komandaya niyə təsir edirlər? Bəlkə bildiyiniz səbəblər var?
– Mənim işim komandamı analiz etməkdi, onları məşqə hazırlamaqdır. Mən detallara girsəm, komandamı unudacam. Sizləri oyun sonrası belə görmək mənim üçün xoşdur. Gedin təkrara baxın İqor Ribeyro ilə Vanderson Meloya necə “sarı” veriblər. Vallah özünüz hər şeyə optimal yanaşacaqsız.

– Sizcə, hədəf “Araz-Naxçıvan”dır, yoxsa Elmar Baxşıyev? Ola bilərmi ki, “Araz-Naxçıvan” ilk “4-lük”də hansısa komandanın yerini tutur?
– Əgər məni seçiblərsə… Mən məşqçiyəm, məşqçiylə mübarizə aparmazlar. Yenə deyirəm, möhkəm olmaq lazımdır. Bu sıxıntılar gözlənən idi. Heyətdə də itkilər var. Düzgün analiz edib qarşıdakı oyunlara hazırlaşacağıq.

– Ötən mövsüm siz “Qəbələ”də olarkən də belə sıxıntılar var idi. Sizcə, hansı klubdakı təzyiq daha çox idi? 
– Vallah, öyrəşmişəm təzyiq altında işləməyə. Mənim üçün yeni deyil. Amma məşqçinin əlinin altında 5-6 futbolçu olmayacaqsa, sıxıntı yaşayacağıq. Çempionat hələ bitməyib. İnanıram ki, komanda şəklində irəliləyəcəyik.

Mirkamal Kazım

Seçilən
12
futbolpress.az

1Mənbələr