AZ

“Öyrəşmişəm təzyiq altında işləməyə” – Elmar Baxşıyev

“Maraqlı oyunun şahidi olduq. Yaxşı, dinamik oyun getdi. İndiki durumda kuboka görə dörd gündən bir tsikldə oynayırdıq. Komanda olaraq sıxıntılarımız var idi. Futbolçulara təşəkkür edirəm. Həmin sıxıntını meydanda bizə göstərmədilər. Uduzduq. “Qarabağ” yaxşı komandadır. Amma məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşmalıyıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 26-cı turunun “Araz-Naxçıvan”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Hakimin qərarından belə çıxdı ki, tək günahkar Felipe Santos idi. Amma Elvin Cəfərquliyev də Santosu boğurdu. Sizin fikriniz necədir?

– Həmişə gördüyümü deməyə çalışmışam. Heç kimdən çəkinəcəyim də yoxdur. Mənim dediklərimi həmkarlar başqa cür yozurlar. “Elmar donquldanır, zırıltısı gəlir” deyirlər. Həqiqəti həqiqət kimi göstərmək önəmlidir. Üç sarı vərəqəsi olan oyunçularımıza çox rahat “sarı” verirlər. Uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəldi. 20 nəfər bir-biri ilə mübahisə edir. Bir nəfəri günahkar çıxarmaq acizlikdir. Fikirləşirlərsə, Santosu belə sındıracaqlar, çətin.

– Qara Qarayevin durumu nə yerdədir?

– Mikro zədədir.

– Deyirsiz ki, sizi sındırmağa çalışırlar. Sizcə, bunun kökündə nə dayanır? Bəlkə “Araz-Naxçıvan”ın Naxçıvanda oynamamasına görə, sizi tək görürlər…

– Mənə aid məsələ deyil. Nədən qaynaqlandığını deyə bilmərəm. Amma görünən odur ki, təsir edirlər. Sabah başqa cür yozacaqlar. Gördüyüm odur ki, komandaya təsir edirlər. Möhkəm olmalıyıq. İnanıram ki, komandan layiqli cavab verəcək.

– Sizcə, niyə komandaya təsir edirlər?

– Mənim işim komandanı analiz etmək, məşqə, oyunlara hazırlamaqdır. Detallara girsəm, komandanı unudacam. Bəzən mətbuat konfransında 1 jurnalist də olmur. Ona görə çox şeyi deyə də bilmirik. Vandersona necə sarı veriblər, baxın.

– Hədəf “Araz-Naxçıvan”dı, yoxsa Elmar Baxşıyev?

– Hədəf məni seçiblərsə… Mən məşqçiyəm. Məşqçi ilə mübarizə aparmazlar. Möhkəm olmaq lazımdır. Sıxıntılar görünən idi. Heyətimizdə 5-6 oyunçu yoxdur. Düzgün təhlil edib, qarşıdakı matçlara köklənəcəyik.

– “Qəbələ”də təzyiq daha çox idi, yoxsa “Araz-Naxçıvan”da?

– Öyrəşmişəm təzyiq altında işləməyə. “Qəbələ”də də o təzyiqi hiss edirdim. Mənim üçün yeni deyil. Məşqçinin 5-6 futbolçusu olmayacaqsa, sıxıntı yaşayacaq. Çempionat bitməyib. İnanıram ki, komanda şəklində hər şeyə düzgün yanaşıb, irəliləyəcəyik.

Seçilən
17
6
idmanxeber.az

7Mənbələr