AZ

İki güləşçimiz Avropa çempionatının yarımfinalında

23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışın ilk günündə sərbəst güləşçilər 5 çəkidə mübarizəyə başlayıblar.

Millimiz bütün çəkilərdə təmsil olunub. Pəhləvanlarımızdan ikisi yarımfinala yüksəlib, üçü isə məğlubiyyətlə üzləşib. Kənan Heybətov (70 kq) və Fərid Cabbarov (79 kq) finala vəsiqə üçün mübarizə aparacaq, digərləri isə uduzduqları rəqiblərin nəticələrini gözləyəcək.

Sərbəst güləş
57 kq

Rəhman İmanov təsnifat mərhələsində rusiyalı Lev Pavlovla (UWW) görüşüb. Təmsilçimiz 20 yaşadək güləşçilər arasında Avopa çempionu və dünya ikincisinə 0:3 hesabıyla məğlub olub.

65 kq
Murad Haqverdiyev ispaniyalı Felipe Millaya 5:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. O, ikinci görüşündə 17 yaşadək güləşçilər arasında Avropa çempionu rusiyalı Amal Candubayevə (UWW) 4:8 hesabıyla məğlub olub.

70 kq
Kənan Heybətov ukraynalı Narek Poqosyan və bolqarıstanlı Kaloyan Atanasovu vaxtından əvvəl - hər ikisini 10:0 hesabıyla üstələyərək yarımfinala yüksəlib. O, finalın bir addımlığında belçikalı Muhammad Abduraxmanovla qarşılaşacaq.

79 kq
Fərid Cabbarov gürcüstanlı Giorgi Qoqritçianiyə 8:4, italiyalı Raffaele Matrulloya isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün isveçrəli Umar Mavlayevi məğlub etməyə çalışacaq.

97 kq
Abdulcəlil Şabanov təsnifat mərhələsində ermənistanlı Sergey Sargsyana 3:11 hesabıyla məğlub olub.

Seçilən
13
1
football-plus.az

3Mənbələr