37 yaşlı argentinalı ulduz bütün başqa məsələlərlə yanaşı, PSJ-də çıxış edərkən xoşbəxt olmadığını növbəti dəfə vurğulayıb. Leonun dediyinə görə, ABŞ çempionatına – MLS-ə keçid onun üçün əsl nicat yolu olub:
“İnter Mayami”yə keçid mənim üçün əla imkan idi, xüsusən də Parisdəki illərimin necə keçdiyini nəzərə alanda. PSJ-yə keçid? Həmin qərarı çox sürətlə verməliydim. Ona görə ki, “Barselona”nı tərk etməyim tələb olunurdu”.
Hücumçu onu da deyir ki, Parisdə qəm-kədər içində yaşayıb:
“Həmin iki il mənim üçün arzuolunmaz idi. Heç bir gün xoşbəxt olmadım: nə məşqlərdə, nə də oyunlarda. Bütün bunlara uyğunlaşmaq mənim üçün çətin idi”.
Belə görünür ki, indi hər şey qaydasındadı. Leo Mayamidəki həyatından məmnundu:
“İndi olduğum yer, məşğuliyyətim xoşuma gəlir. Gündəlik məşqlər, oyunlar, dostlar və ailəm ilə münasiblər ürəyimcədi. İndiki yaşayışıma görə xoşbəxtəm”.
“Apple Music”ə müsahibə Messinin PSJ-də keçirdiyi dönəmlə bağlı heç də ilk etirafı deyil. 2023-cü ildə “Ole” ilə söhbətdə də əzab-əziyyət çəkdiyini vurğulamış, ancaq onda bir qədər diplomatik tərzdə danışmışdı:
“Ötənləri dəyişə bilməzsən. Heç nə gözlədiyim kimi olmadı. Ancaq həmişə deyirəm ki, həyatda heç nə öz-özünə olmur. Klubda işlərim heç də həmişə yaxşı getməsə də, məhz PSJ-nin oyunçusu kimi dünya çempionu oldum. Hər şeyin səbəbləri və nəticələri var. Deməli, elə belə də olmalıymış”.
Messini həmin müsahibədə demişdi ki, dünya çempionatındakı qələbədən sonra PSJ-də onu təbrik edən olmayıb:
“Kilian Mbappe? Gerçəklik bundan ibarətdi ki, bütün qalan oyunçular kimi onu da bəyənirdim. Yaxşı yola gedirdik. Sonradan məlum səbəbdən nəsə dəyişdi: həmin final görüşündə biz rəqib olduq, Argentina qalib gəldi, yəni fransalıların yenidən dünya çempionu olmasını əngəllədik. Nəticədə mən klubda təbrik olunmayan yeganə dünya çempionuna çevrildim”.
“Şarlott”un sabiq yarımmüdafiəçisi Brext Deyagere 2024-cü ildə danışırdı ki, Messi MLS oyunlarından birindən sonra onunla PSJ haqda danışarkən çox pis ifadə işlədib:
“Final fitindən sonra ondan özünü haqda – Mayamidə, yoxsa Fransada daha yaxşı hiss etdiyini soruşdum. Təəccübləndi və mənə dedi ki, PSJ-də zibil günündə olub. Parislilər əvvəlcə onu çox yaxşı qarşılayıb. Ancaq komanda Çempionlar Liqasında iflasla üzləşəndən sonra fanatlar topa hər toxunuşda onu fitə basıblar. Bu isə Leonu çox tez bezdirib”.
Xatırladaq ki, Messi 2021-23-cü illər aralığında PSJ-nin şərəfini qoruyub, iki dəfə çempion olub və Fransa Superkubokunu qazanıb. Leo bu komandanın heyətində keçirdiyi 75 oyunda 32 qol vurub və 34 məhsuldar ötürmə verib. Argentinalının PSJ-də hər mövsüm üçün qazancı 25-40 milyon avro aralığında olub.