AZ

Bakıdan Qafqazın taleyini dəyişən həmlə - Ermənilərin 30 illik mifi məhv edildi

1988-ci ildən başlayaraq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlər, mədəniyyət abidələri talanıb, dağıdılıb. Eyni zamanda azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilib, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərə amansız rəftar göstərilib, azərbaycanlıları məhv etmək məqsədilə soyqırım, deportasiya, işgəncələr edilib.

Tarix boyu ermənilər tərəfindən Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, habelə təxribat, terrorizm və başqa ağır cinayətlər törədilib. Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində hazırda Azərbaycan dövləti və cəmiyyəti birgə fəaliyyət göstərir. Hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş qondarma rejimin “rəhbərləri”nin Bakıda keçirilən məhkəmə prosesi də buna nümunədir

Politoloq Aytən Qurbanova deyib ki, 44-günlük müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dövrdür:

“Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfəri yalnız hərbi strategiyanın uğuru deyil, eyni zamanda qətiyyətli siyasi iradənin, xalq-dövlət birliyinin və uğurlu diplomatik fəaliyyətin bariz nümunəsidir. Heç şübhəsiz, Ali Baş Komandanın müdrik və uzaqgörən diplomatiyası, ordunun yüksək döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərlik ruhu, müasir silahlanma və milli birlik tarixi zəfərimizi şərtləndirən başlıca faktorlardır. Azərbaycan müharibə zamanı ordunun əzmkarlığı, müasir döyüş texnikaları və strateji üstünlüyü ilə əhəmiyyətli uğurlar əldə etdi. Beləliklə də, Ali Baş Komandanın rəhbərliyində döyüş meydanında çoxsaylı tarixi zəfərlərə imza atan ordumuz qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad etdi. Dövlətimizin siyasi və hərbi qüdrətinin təcəssümü olan zəfərimiz torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı regiondakı geosiyasi vəziyyəti də əhəmiyyətli dərəcədə dəyişdi.

Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində əldə etdiyi əhəmiyyətli hərbi uğurlar ordunun müasir texnika ilə təchiz edilməsi və yüksək döyüş qabiliyyəti sayəsində mümkün oldu. Sürətli hərəkət, müasir döyüş taktikaları və yüksək səviyyəli kəşfiyyat əməliyyatları müharibənin gedişatına kifayət qədər müsbət təsir göstərdi. Nəticə etibarilə, tarixi zəfərimiz ordumuzun peşəkarlığını və döyüş əzmini bütün dünyaya göstərmiş oldu. Hərbi və diplomatik cəbhədə əldə etdiyimiz üstünlüklərlə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi də gücləndi. Dövlətin haqlı mövqeyini dünya ictimaiyyətinə təqdim etməsi, həmçinin müharibənin sonunda imzalanan kapitulyasiya aktı (üçtərəfli bəyanat) Azərbaycan üçün diplomatik və strateji üstünlüyü təmin etdi. Beləliklə də, əldə etdiyimiz zəfər, yalnız Cənubi Qafqazdakı vəziyyəti deyil, həm də böyük güclərin bu regiona olan münasibətini dəyişdi. Bu müharibə, Azərbaycanın müstəqilliyini və regional gücünü bir daha təsdiqləmiş oldu”.

ayten
Aytən Qurbanova

Politoloq bildirib ki, bəzi dövlətlər və ya qlobal sistem üçün Azərbaycanın qələbəsi yalnız hərbi uğur olaraq qəbul edilə bilər, amma bizim üçün bu, eyni zamanda mənəvi zəfərdir:

“Müharibə nəticəsində qazanılan qələbə xalqın milli qürurunu bərpa etdi və özünə inamını artırdı. Bu, hər zaman öz Vətənini müdafiə etməyə hazır olan hər bir Azərbaycan vətəndaşı üçün bir simvol oldu. Vətən uğrunda şəhid olmuş, işgəncələrə məruz qalmış və soyqırım qurbanı olmuş hər soydaşımızın əziz xatirəsi qarşısında olan mənəvi borcumuzun simvolunu xarakterizə etdi.

Erməni vəhşiliyinə qarşı bəzi güc mərkəzlərinin “himayədarlıq” mexanizmi hələ də mövcud olsa da, yalnız 44 günlük müharibə zamanı Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verilməsi belə xəstə erməni təfəkkürünün və vəhşiliyinin insanlıq əleyhinə necə ciddi təhdid formalaşdırdığını anlamaq üçün yetərlidir. Beynəlxalq ədalət mühakiməsi qarşısında Xocalıda, Başlıbeldə, Bağanıs Ayrımda və digər işğal altında olan ərazilərimizdə törətdiyi soyqırımlara görə cavab verməyən Ermənistan, qlobal sistemin ikili standartlarına əsaslanan cəzasızlıq mühitindən “cəsarətlənərək”, müharibə dövründə beynəlxalq humanitar hüququn bütün tələblərini gözardı edərək Azərbaycanın yaşayış məntəqələrini və mülki obyektləri hədəf almaqdan çəkinməyib.

Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər, dinc sakinlərə qarşı olan zorakılıqlar, mədəni və tarixi irsimizin məhv edilməsi kimi insanlıq əleyhinə törədilmiş cinayətlərə dair yetəri qədər faktlar mövcuddur. Eləcə də, mühakimə prosesi davam edən müharibə cinayətlərində ittiham olunanların verdiyi ifadələr də bu faktları dəstəkləyici önəmli arqumentlərdir. Haqlı olaraq hazırkı beynəlxalq səviyyədə bu cinayətlərin tanınmasını tələb edirik. Bu tələbimiz həm də Azərbaycanın qlobal sistemdə mövcud olan ədalətsiz yanaşmalar və ikili standartlarla olan mübarizəni simvolizə edir. Məhz ona görə də, Azərbaycanın qələbəsi sadəcə bizim üçün deyil, bütövlükdə haqq mübarizəsi aparan hər xalq və dövlət üçün mühüm əhəmiyyət kəsb edir.

Bu səbəbdən 44 günlük Vətən müharibəsi yalnız bizim üçün deyil, ümumilikdə region və bütün dünya üçün tarixi bir hadisədir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, 30 ilə yaxın davam edən işğala son qoyularaq ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə də, beynəlxalq hüququn aliliyi və ədalətli yanaşma prinsipləri öz təsdiqini tapmış oldu. Müharibə eyni zamanda uzun illərdir ermənilər tərəfindən formalaşdırılmış “qəhrəman erməni xalqı” mifini darmadağın etdi. Bütün dünya Azərbaycan xalqının vətənpərvərliyini, birlik və həmrəyliyini gürdü. Cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən gənclərin, yaşlıların və qadınların müharibəyə dəstək verməsi xalqın gücünü nümayiş etdirdi. Bu da xalqın Ali Baş Komandana olan etimadının və ordunun gücünün simvoluna çevrildi.

Artıq suverenliyimizin tam bərpa olunub, hər qarış torpağımızda şanlı bayrağımız dalğalanır. Bugün işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri görülür. Demək olar ki, dağıntılar altında qalmış cənnət yurdumuz yenidən inşa olunur. Qarabağımıza qayıdırıq, qayıtmışıq”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər

Turan Rzayev

Mənbə: globalinfo.az

Seçilən
36
globalinfo.az

1Mənbələr