5 Mart – Bədən Tərbiyəsi və İdman Günü çərçivəsində «Difai» və Bakı Gənclər Mərkəzinin gəncləri ilə görüş keçirilib.
I Liqada mübarizə aparan komandanın prezidenti Asəf Məlikov «Difai» adının Azərbaycan tarixində rolu, klubun bu adı yaşatmaq niyyəti ilə yaradılması, missiyası və baxışı barədə məlumat verib.
Bildirib ki, «Difai»FK Vətən müharibəsinin iştirakçıları və qaziləri tərəfindən yaradılıb, məqsəd isə onların sağlam həyata adaptasiyasını sürətləndirməkdir.
O, hazırda da «fədailər»in heyətində və sıralarında onların yer aldığını söyləyib.
Tədbir zamanı idmanın gənclər arasında təbliği, sağlam həyat tərzinin önəmi və futbolun inkişafı mövzusunda müzakirələr aparılıb. Gənclər həmçinin komanda ruhu və idmanın dəyərləri haqqında fikir mübadiləsi ediblər.
Qeyd olunub ki, belə təşəbbüslər idmana marağı artırmaqla yanaşı, gənclərin fiziki və sosial inkişafına da töhfə verir.
SPORTİNFO.AZ