Bill Qeytsin sevimli müəllifi yeni kitab nəşr edib və milyarder hesab edir ki, bu əsər qida haqqında "sizə çox şey öyrədəcək".
Xüsusilə, qida israfının aradan qaldırılması və qlobal ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması qidanın hər kəs üçün daha ucuz olmasına kömək edə bilər. Vatslav Smilin (Vaclav Smil) bir neçə gün öncə nəşr olunan "Dünyanı necə qidalandırmalı" ("How to Feed the World") adlı kitabı "aclıq, qida və nə yediyimiz (və nəyi yemədiyimiz) haqqında düşüncə tərzinizi dəyişəcək",
Valyuta.Az xəbər verir ki, Qeyts "Instagram" paylaşımında yazıb.
Manitoba Universitetinin professor emeritusu olan Smil texnoloji innovasiyalar, enerji, ictimai siyasət və əhali artımı kimi müxtəlif mövzularda 40-dan çox kitab müəllifidir. Qeyts isə bu akademikin əsərlərinin "demək olar ki, hamısını" oxuduğunu və onun "sadiq oxucusu" olduğunu bildirir. O, blog yazısında qeyd edib ki, Smilin nəşr etdiyi hər kitabı oxumaq istəyir.
"Əslində, Smilin maraqlı hesab etdiyi və araşdırmaq istədiyi istənilən mövzunu oxuyardım", – Qeyts 2017-ci ildə yazmışdı. O əlavə etmişdi: "Mən yeni Smil kitablarını elə gözləyirəm ki, sanki bəzi insanlar 'Ulduz müharibələri' filminin növbəti hissəsini gözləyir."
Dünyada aclığın aradan qaldırılması "Qeyts Fondu"nun əsas prioritetlərindən biridir və Smilin son kitabı bu problemi yenidən dəyərləndirərək "ənənəvi yanaşmanı alt-üst edir", – Qeyts son blog yazısında vurğulayıb.
Dünyada hər gün bir nəfərə təxminən 3000 kalorilik qida istehsal edilir ki, bu da "hər kəsin qidalanması üçün kifayət qədər çoxdur", – Qeyts yazıb. Problem qidanın paylanması ilə bağlıdır: tədarük zəncirindəki səmərəsizliklər nəticəsində qida israfı böyük həcmdə artır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, istehsal olunan qidanın təxminən üçdə biri istehlak olunmur.
Bu səmərəsizliklər istehsalçı və satıcılar üçün xərcləri artırır, nəticədə alıcılar üçün qiymətlər yüksəlir. Smilə görə, qida israfının azaldılması qlobal ərzaq təchizatına təzyiqi azaldaraq, qidanı daha əlçatan və sərfəli edə bilər.
Bu fikri digər tədqiqatçılar da dəstəkləyir. Konsaltinq şirkəti "McKinsey"nin 2022-ci il hesabatına görə, hər il təxminən 600 milyard dollar dəyərində qida məhsulu ya yığım zamanı, ya da ondan sonra itirilir. 2024-cü ildə "Pacific Coast Collaborative" tərəfindən yayımlanan başqa bir hesabat isə istənilən növ qida tullantılarının pərakəndə satış şirkətləri üçün gəlir itkisinə və istehlakçılar üçün yüksək qiymətlərə səbəb olduğunu ortaya qoyub.
Smilin kitabı qida saxlama, qablaşdırma, tədarük zənciri və qiymət modellərinin təkmilləşdirilməsi kimi bir sıra mümkün həllər təklif edir. Qeytsin xüsusilə bəyəndiyi yanaşmalardan biri isə CRISPR gen redaktəsidir. Bu texnologiya nəzəri olaraq iqlim dəyişikliyinin təsirlərinə daha davamlı bitkilər yetişdirməyə kömək edə bilər.
"Vatslavın ən yaxşı kitablarında olduğu kimi, bu əsər də oxucuları düşünməyə vadar edir və onların artıq bildiklərini düşündükləri bir problemə yeni baxış bucağı təqdim edir", – Qeyts yazıb. O əlavə edib: "Biz həmçinin qidanın daha əlçatan və daha sərfəli olmasını, israfın azalmasını və onun həm bol, həm də qidalandırıcı qalmasını təmin etməliyik."
Rəhim