Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qrupları, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə test imtahanları keçirəcək.
Hafta.az xəbər verir ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində, elektron formada, kompüterlər vasitəsilə iki növbə olaraq təşkil olunacaq.
İmtahan saat 11:00-da və 16:00-da başlayacaq. Namizədlər imtahan yerinə müvafiq olaraq saat 10:45-dən və 15:45-dən əvvəl gəlməlidirlər, digər hallarda imtahana buraxılmayacaqlar.
Qeydiyyat 2025-ci ilin fevralın 5-dən 25-dək aparılıb və ümumilikdə 1716 namizəd qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün namizədlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap edə bilərlər.
Namizədlər imtahana şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsini gətirməlidirlər. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 113 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.