AZ

Maykl Seylorun 100 trilyon dollarlıq kripto strategiyası

"Strategy" şirkətinin həmtəsisçisi Maykl Seylor Ağ Evdə keçirilən Sammitdə geniş kriptovalyuta strategiyasını təqdim edib. 

Valyuta.Az "CoinDesk"ə istinadla xəbər verir ki, o, ABŞ-nin "Bitcoin"i strateji şəkildə əldə etməklə qarşıdakı on ildə 100 trilyon dollara qədər iqtisadi dəyər yarada biləcəyini bildirib.  

Seylor bu aktivlərə strukturlaşdırılmış yanaşma təklif edərək onları dörd əsas kateqoriyaya ayırıb:  

- kapital yaratmaq və innovasiya üçün rəqəmsal tokenlər,  
- bazar effektivliyi üçün rəqəmsal qiymətli kağızlar,  
- kommersiya və ABŞ dollarının qlobal mövqeyini gücləndirmək üçün rəqəmsal valyutalar,  
- sərvəti qorumaq üçün "Bitcoin" kimi rəqəmsal əmtəələr.  

Onun təklifində bu təsnifatın tənzimləyici qeyri-müəyyənliyi azaldacağı və rəqəmsal aktivlərin ənənəvi maliyyə sisteminə problemsiz inteqrasiyasını təmin edəcəyi vurğulanıb. Seylor kriptovalyutalara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif edərək, bu yolla ABŞ-dəki qurumların kapital bazarlarına sürətli çıxış əldə edə biləcəyini və eyni zamanda, ABŞ dollarının qlobal ticarətdə əsas valyuta olaraq qalacağını qeyd edib.  

Qeyd edək ki, cümə günü keçirilən Sammitdə, əsasən, keçmiş prezident Co Baydenin administrasiyası ilə müqayisədə Tramp administrasiyasının sektora daha dostyana yanaşmasını nümayiş etdirmək məqsədi daşıyıb. Sammitdə "Coinbase", "Ripple", "Strategy", "Kraken", "Gemini", "Chainlink", "Robinhood" və digər iri şirkətlərin rəhbər şəxsləri iştirak edib.  

Eyni zamanda, Seylorun təklifi fırıldaqçılığın və maraqlar toqquşmasının qarşısını almaq üçün ədalətli hesabatlılıq və şəffaflığın vacibliyini vurğulayıb. O, həmçinin kriptovalyuta sektoruna qarşı “düşmən və ədalətsiz vergi siyasətinin” dayandırılmasına çağırıb. Əksinə, hökumətin dəstəyi ilə bu sənayenin tam potensialına çata biləcəyi bildirilib.  

Seylorun təklifinə görə, hökumət əsas bankları "Bitcoin" aktivlərini saxlamağa, ticarətini həyata keçirməyə və maliyyələşdirməyə təşviq etməlidir. Eyni zamanda, kriptovalyuta sənayesi iştirakçılarının bank hesablarının bağlanmasına yol verilməməlidir.  

Onun vizyonunun əsas sütunlarından biri ABŞ-nin strateji "Bitcoin" ehtiyatı yaratmasıdır. Belə ki, 2035-ci ilə qədər ölkə ümumi "Bitcoin" tədarükünün 5%-25%-ni mərhələli şəkildə əldə etməlidir.

Xatırladaq ki, "Strategy" şirkəti 2020-ci ildən "Bitcoin"i xəzinə ehtiyat aktivi kimi qəbul edib və bu günə qədər 499,096 BTC satın alıb.  

Seylor hesab edir ki, 2045-ci ilə qədər bu ehtiyat 16-81 trilyon dollar arasında gəlir gətirə bilər və bu, ABŞ-nin milli borc probleminin uzunmüddətli həllinə töhfə verə bilər.  

Rəhim

Seçilən
27
valyuta.az

1Mənbələr