Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə bu gün Qafqaz bölgəsinin ən gözəl şəhərlərindən birinə çevrilib.
Bunu "Report"a Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
Deputat bildirib ki, qədim abidələrinin şöhrəti, yeni yolları, uca binaları, yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, səhiyyə ocaqları onun inkişafının göstəricisidir:
"Burada yaradılan hər bir tikili, hər yeni müəssisə yüksək standartlara cavab verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və diqqətinin nəticəsində Gəncədə aparılan böyük quruculuq və abadlıq işləri şəhərin inkişafını sürətləndirmişdir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Gəncə şəhəri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Son illərdə ölkə rəhbərliyinin Gəncəyə mütəmadi səfərləri bu fikirlərimizi təsdiqləyir."
"Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və qızları Arzu və Leyla Əliyevanın Gəncə şəhərinə səfəri Birinci vitse prezidentin ölkənin müxtəlif bölgələrindəki infrastruktur layihələrinin reallaşmasındakı və inkişaf etdirilməsi istiqamətində fəallıq göstərməsindən irəli gəlir. Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri regionlarda həyata keçirilən infrastruktur və sosial layihələrin davamlılığını təmin etmək məqsədi daşıyır", - M.Cəfərli qeyd edib.
Deputat əlavə edib ki, Mehriban Əliyevanın fəaliyyətində və həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli-mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur:
"Onun gördüyü işlər Azərbaycan xanımının yorulmaz əməyi, güclü iradəsindən xəbər verir. Gəncə səfəri zamanı da xalqın xanıma olan sevgisinin rəğbətini görməmək, hiss etməmək mümkün deyil. Birinci vitse prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Gəncə şəhərində təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, mədəniyyət evlərinin təmir və bərpa olunmasına nail olub".