AZ

“İran Şahının qaynanası ilə tanış idim…DTK məni Xankəndiyə əməliyatçı təyin etmişdi” – YAZIÇI SEYRAN SƏXAVƏT

“İran Şahının qaynanası ilə tanış idim…DTK məni Xankəndiyə əməliyatçı təyin etmişdi” 

 

Yazıçı Seyran Səxavət “Ədəbiyyat qəzetinə müsahibə verib. 

AzPost müsahibəni oxucularına təqqdim edir:

– Seyran bəy, bioqrafiyanızı oxuyarkən həyatınız haqqında ətraflı  məlumata rast gəlmədim. Zəhmət olmasa, ilk olaraq bu istiqamətdə geniş məlumat verərdiniz.

– Ailə həyatı məndə standartdır. Orada maraqlı şeylər çox azdır, bəlkə də, heç yoxdur. Düşünürəm ki, ailə həyatım, sadəcə, mənim üçün maraqlıdır, başqalarına bunu bilmək heç bir yenilik qatmayacaq. Ancaq qısaca onu qeyd edə bilərəm ki, 1970-ci ildə, 24 yaşımda ailə həyatı qurmuşam, universiteti bitirib tez-tələsik evlənmişəm. Hazırda 5 övladım – iki qızım, üç oğlum var. Bundan başqa, 18 nəvəm, dörd nəticəm var və hələ nəslimiz böyüməyə davam edir (gülür).

Lap doğulduğum yerə qayıtmaq lazımdırsa, mən Qarabağın böyük kəndlərindən birində – Yağlıvənd kəndində anadan olmuşam. Bizim kənddən Şuşa şəhərinə Molla Nəsrəddin yolu təxminən, 40 kilometrdir. Kəndimiz çox böyük bir kənd olub. Mənim bir əsərimdə (Daş evlər – red.) onun adı Yeddipara kəndi kimi gedir, çünki elə yeddi obadan ibarətdir. Obaların isə öz adları var. Həmçinin obalardakı hər tayfanın da öz adı var. Məsələn, əsərlərimdən birində tərcümeyi-halımı təxminən, bir cümlə ilə belə yazmışam: Mən Allah bəndəsi Seyran Səxavət 1946-cı il mart ayının 23-də Quzey Azərbaycanın Qarabağ bölgəsinin Qarabulaq (indiki Füzuli rayonu) rayonu Yuxarı Yağlıvənd kəndi, Kovxalı obası, Muradxanlı məhləsində qəbiristanlıqla üzbəüz evdə dünyaya gəlmişəm. Bu bir cümlə hər şeyi əhatə edib. Qəbiristanlığı ona görə qeyd etmişəm ki, o, həyatımda, bəlkə də, mənim Seyran olmağımda 51 faiz rol oynayıb, evimizin həmin qəbiristanlıqla üzbəüzdə yerləşməsi həyatıma çox böyük təsir göstərib.

– Qəbiristanlıqdan söz açmışkən, magistr dissertasiyam üçün təhlil etdiyim hər üç romanınızda (“Daş evlər”, “Nekroloq”, “Yəhudi Əlifbası”) ölüm motivinə yer verilib. Azyaşlı uşağın qəbiristanlığa getməsi səhnəsi var. Deməli, bu obraz, bu səhnə elə sizin uşaqlığınız – altşüurunuzdakı izidir? Evinizin qəbiristanlıqla üzbəüz olması əsərlərinizə sirayət edib.

– Bəli, 5-6 yaşımda ölüm qorxusunu duymuşam. 5-6 yaşlı uşaq hara, ölüm hara? 60 yaşında adamlar var ki, ölüm qorxusu heç onların canında yoxdur, amma bu mənim canıma 5-6 yaşımda hopub. İlk dəfə ölünün dəfn edildiyini gördüyüm günün gecəsi tək yata bilmədim, qorxumdan anamla yatdım. Ona görə də qəbiristanlıq həyatımda çox böyük rol oynayır. Arzu edərdim ki, elə bütün bəşəriyyət qəbiristanlıqla üzbəüz doğulardı. Əgər elə olsaydı, hər kəsin canında ölüm qorxusu olardı və indiki bu müharibələr olmazdı. Son müsahibələrimin birində dedim ki, dünyanı ağıllı adamlardan qorumaq lazımdır. Çünki az və ya orta ağıllı bir adam dünya üçün təhlükə deyil. Bu dəqiqə dünyanı ağıllı adamlar dağıdırlar. “Ağıllı” deyəndə, bəzən biz ancaq müsbət assosiasiya qəbul edirik. Amma şərə qulluq edən ağıllılar da var. Şərə qulluq etmək isə böyük şücaət, səviyyə və iradə istəyir. Xeyirə qulluq etmək nə böyüklükdə şəxsiyyət istəyirsə, şərə qulluq etmək, bəlkə də, ondan da böyük savad, qabiliyyət, strategiya tələb edir. Həmin o ağıllı adamların da canında ölüm qorxusu olmalıdır.

– Seyran müəllim, ixtisasca şərqşünassınız. Bu sahədə təhsil almısınız, bəs sonradan necə oldu ki, ədəbiyyata yönəldiniz, sizi diplomatiyaya yox, ədəbiyyata yönəldən şey nə idi?

– Deməli, kənddə evimizin yanında üç böyük daş vardı, stul kimi idilər. Mən daim dərslərimi o daşın üstündə oturub oxuyardım. Axı bilirsiniz, kənd uşaqları bir az tez cücərirlər, şəhərdə asfaltın üzərində cücərmək çətindir, amma kənddə ayağın torpaqda olur, başına da gün vurur, cücərirsən. Mən də tez böyümüşdüm, artıq 5-6-cı sinifdən sevgi hissini duyurdum və belə bir qənaətə gəlmişdim ki, çox oxuyub Bakıda instituta daxil olsam, sevdiyim qız mənə qismət olacaq. Ona görə də həmin o üç daşın üstündə oturub gecə-gündüz dərs oxuyurdum. Elə bir fakültə də seçdim ki, heç mən həmin fakültəyə yaraşmırdım. Çünki ildə o fakültəyə cəmi yeddi nəfər qəbul ola bilərdi. Bu, Şərqşünaslıq fakültəsi idi. Adama deyərlər, kənd uşağısan, ayağını yorğanına görə uzat. Amma mən yorğanıma görə uzatmadım. Buna baxmayaraq, çox yaxşı oxudum, imtahanlardan maksimal bal – 5 alıb konkursa düşdüm. Ancaq daxilimdə həmişə ədəbiyyat sevgisi olub, fakültəmdən asılı olmayaraq mən daim şeirlər yazırdım, hətta universiteti bitirən dövrdə  artıq mən şair kimi populyar idim. Biz institutlara görüşlərə gedirdik, şair kimi tələbələrlə görüşürdüm. Həmin vaxtlar görüşlərə o qədər tələbə gəlirdi ki, bəlkə də, inanmazsınız, amma qapı-pəncərə dağılırdı. O vaxtlar gənc qızlar xatirə dəftəri yazırdılar, mənim sevgi şeirlərim də onların dəftərlərini bəzəyirdi. Hətta həyat yoldaşım da biz evlənmədən əvvəl  dəftərinə şeirlərimi yazırmış.

– Ancaq universitetdən sonra birbaşa şairlik və ya yazıçılıqla məşğul olmamısınız, bir müddət tərcüməçi olaraq çalışmısınız.

– Bəli, universitetdən bir müddət sonra SSRİ Müdafiə Nazirliyinə tərcüməçi kimi təyinat aldım və fars dilindən tərcüməçi kimi 1970-1972-ci illərdə Bişkekdə işlədim. Gündə 6 saat fars dilindən rus dilinə, rus dilindən fars dilinə fasiləsiz sinxron tərcümə edirdim. Sonra Azərbaycana qayıtdım. SSRİ Nazirlər Sovetinin qərarına əsasən, biz 3 ay müddətinə iş ilə təmin olunmalıydıq. Amma ona fikir verən olmadı… Sonra ürəyimin səsi ilə istədim ki, gəlim Bakıya və “Ədəbiyyat qəzeti”ndə işləyim. Ürəyimə bu iş çox yatırdı. Bizim gözəl və böyük şairimiz Camal Yusifzadə vardı, dostum idi, ondan xahiş elədim ki, qəzetdə yer boşalsa və işçi axtarsalar, mənə xəbər etsin. Artıq həmin gün mən şəhər sovetində kənd sovetləri üzrə inspektor işləyirdim. Həm də sənədlərimi Dövlət Təhlükəsizlik Xidmətinə vermişdim. Oradan da qəbul almışdım. İki yerdə işləyirdim. Məni Xankəndinə əməliyyatçı təyin etmişdilər. Ancaq mən o işlərin hamısını atıb ürəyimin istəyi ilə “Ədəbiyyat qəzeti”nə gəldim. O dövrdə “Ədəbiyyat qəzeti”ndə yazıçı Mirzə İbrahimovun vaxtı idi, orada işləmək üçün də tanışlıq lazım idi. Qohumum Ənvər Xudiyev isə Mirzə İbrahimovun kürəkəni ilə dost idi. Bu tanışlıq yolu ilə “Ədəbiyyat qəzeti”nin əməkdaşı oldum. Oraya işə 1973-cü ildə qəbul oldum. Ümumilikdə ədəbiyyat sahəsində əlimdən ilk tutan şəxs isə Qasım Qasımzadə olub, haqqımda “Uğur olsun” yazaraq şeirlərimi çap edib. Bundan əlavə, Qasım Qasımzadənin köməyi ilə mən Mossovetin vasitəsilə şahın vaxtında 1974-1976-cı illər arasında İranda tərcüməçi işləmişəm. Orada çox darıxırdım. Hamı şefə qonaqlıq verirdi ki, müqavilələrinin müddəti uzadılsın, çünki orada tərcüməçilərə yaxşı maaş verirdilər. Mən isə şefə yaxşı qonaqlıqlar verir, qulluğunda dururdum ki, iş müddətim bitən kimi məni Azərbaycana göndərsin (gülür). Elə bil Bakıda çayxanalar qaçırdı. Belə bir gənclik dövrü yaşamışam.

 

– Elə söz düşmüşkən, İrandakı fəaliyyətinizə də diqqət çəkmək istəyirəm. Çünki “Daş evlər” romanınızda Akif obrazı var. Akif sizin prototipinizdir. O da İranda iki il tərcüməçi kimi çalışır, müqaviləsi bitdikdən sonra ölkəsinə qayıdacağı barədə müdiri ilə kəskin danışır. Amma romandakı detallara varmadan əvvəl, sizin İran barədəki təəssüratlarınızı öyrənmək istərdik.

– Bəli, Akif elə mən özüməm. Həmin dövrdə indiki ilə müqayisədə, İran mənim çox xoşuma gəlirdi. Düzdü, xoşa gəlməyən məqamlar da vardı, məsələn, Azərbaycan dilində məktəblər, mətbuat yox idi, amma erməni dilində vardı. Lakin şahın vaxtında İran çox inkişaf eləmişdi, tümən dünyanın ən güclü valyutalarından biri idi. Ümumiyyətlə, İran çox nağıl bir ölkədir. Şahlıqdır da. Sanki işləmək üçün nağılıstana getmişdim. Bütün İranı o dövrdə gəzdim. Oraya getməkdə niyyətim həm də İranı görmək idi. Çünki çox maraqlı və tarixi ölkədir. Elə ona görə də romanımda bir xətt elə Akif Meşəbəyi oğlunun İrana səfərindən bəhs edir. Bilirsiniz, İsfahanın bünövrəsini azərbaycanlılar qoyub, oranı Şah Abbas tikib. Belə bir deyim var ki, İsfahan yarım dünya bir şeydir, amma Təbriz olmasaydı. İsfahanda qabaqda ərəb qoşunu olub. Qoşuna isə ərəbcədə sepah deyirlər. Sepah-İspahan-İsfahan. Bu söz belə yaranıb. O vaxt İsfahanda bir hamam vardı, bir şamla işləyirdi. Amerikanlar onun nə olduğunu görmək üçün gəldilər, sonra da hamamı söküb, xarabaya çevirib getdilər. Bundan başqa, İsfahanda Minarəti-Mütəhərrik, yəni hərəkət edən, yellənən minarələr var. Bizdəki ikimərtəbə ev hündürlüyündə olan o tikiliyə daxil olanda hərəkət elədim, minarə başladı silkələnməyə. Aşağı düşdüm, hələ də silkələnirdi, möcüzə bir tikilidir. Digər bir görməli yer Şah Abbas meydanıdır. Həmçinin İsfahanda 16 arkalı vəzir Allahverdi xan körpüsü var. Yəni İsfahan möcüzə bir yerdir. Gəzməklə görməli yerləri bitmir. Orada Çaharbağ, yəni dörd bağ mərkəzi küçəsi var. Möhtəşəm bir məkandır. Tarixi Çehel Sütun və ya 40 sütun sarayı da İsfahandadır. Sarayın, əslində, 20 sütunu var, ancaq qarşısında hovuzda əks olunan görüntüsündə sütunlar 40 sütun kimi görünür. Rəvayətə görə, Şah Abbas bir gün memarı çağırıb deyib ki, bu sarayı filan müddətə tikməlisən, tikməsən, başınla cavab verəcəksən. Memar da görüb vaxt azdı, çatdırmayacaq, 20 sütun edib və qarşısında böyük bir çərhovuz tikib. Şah, indiki dillə desək, açılışa gəlib və görüb ki, sütunların sayı 20-dir. Səbəbini soruşanda memar da deyib ki, Şah sağ olsun, sütunların 20-si budur, 20-si də çərhovuzda görünür. Şah gülüb və memarın canın bağışlayıb.

Bütün bu gözəlliklərin, bütövlükdə İranın yaradıcılığıma möhtəşəm təsiri olub. Onların çox zəngin bazarları vardı. Mən orada moteldə ikinci mərtəbədə yaşayırdım. Bir gün bizim bəzi sovet mütəxəssisləri mənim qonağım oldu. Çıxıb eyvanda siqaret çəkirdik, bərk də yağış yağırdı. Gördük ki, bir fəhlə çəmənliyi sulayır, göydən yağış yağır, üstəlik də, bu, çəmənliyi sulayır. Birdən qonağım bunun səbəbini bilmək istədi. Öz aralarında da gülüşdülər ki, müsəlmanlar niyə belə axmaqdır?! Onların belə hərəkəti mənə bir az toxundu. Fəhləni ələ salanlardan biri siyasi büronun üzvünün əmisioğlu idi; Moskvanın da meri olub, onlar yəhudi idilər. Mən də vəziyyətdən çıxmaq üçün fəhlədən hərəkətinin səbəbini soruşdum. Dedim, bəs qonaqlarım bizə gülür, niyə yağışda çəmənliyi sulayırsan? O da cavab verdi ki, Ağa mənə deyəndə ki, get oranı sula, deməmişdi ki, yağış yağsa, sulama. Ona görə də mən hava şəraitindən asılı olmayaraq sulamalıyam. Mən də söhbəti fırladıb qonaqlarıma dedim ki, intizamı görürsünüzmü? Beləcə, vəziyyətdən çıxdım. Bu gün həmin illəri xatırlayanda yadıma çoxlu xatirələr düşür. Mən orada, əsasən, şefin tərcüməçisi idim. Bizim günümüz priyomlarda, filan keçirdi. Şahın bacısını görmüşəm, əlindən tutub fışqaya qaldırmışam, şahın qayınanası ilə tanış olmuşam. Yəni yüksək qəbullarda olmuşam və bunların hamısı mənim yaradıcılığıma təsir göstərib.

– Bunlardan yola çıxaraq soruşmaq istəyirəm ki, ədəbi şəxsiyyətinizlə yazıçı şəxsiyyətiniz arasında bir fərq görürsünüzmü? Seyran Səxavət yazı prosesində başqa adam olur, yoxsa, necə var, elə qalır?

– İş prosesində, təbii ki, başqa Seyran oluram. Həmişə Seyran Səxavət olmaq qeyri-mümkündür. Parisdə Yelisey meydanında bir xanım görür ki, qarşıdan bir nəfər gəlir və xanım onu Viktor Hüqoya oxşadır. Yaxınlaşıb soruşur ki, siz Viktor Hüqosunuz? Viktor Hüqo cavab verir ki, hərdən-birdən (gülür). Yəni daim eyni olmaq çətindir. Amma qalan şeylərdə o Seyranla bu Seyran arasında heç bir fərq yoxdur. Bir dəfə mənə dedilər ki, bir adam bir neçə cür olur, məsələn, evdə bir cür, küçədə başqa cür ola bilirlər, sizdə vəziyyət necədir? Mən də cavab verdim ki, bir Seyranın öhdəsindən güclə gəlirəm, iki Seyran olsa, çoxdan batmışdım.

– Necə oldu ki, şeirin daşını atıb nəsrə keçdiniz? Bu uzun zaman üzərində düşündüyünüz bir şey idi? Sizin şeirdən getməyinizə sevinən həmkarlarınız da olub, sizcə, bu sevincin kökündə nə dayanıb?

– Şeirdən nəsrə keçmək qərarla olmayıb. Bir də gözümü açdım ki, neçə ildir, heç nə yaza bilmirəm. Mən Şahın vaxtında İrana işləməyə gedəndə ilk hekayəmi – nəsrimi orada yazdım və poçtla Bakıya göndərdim, “Ədəbiyyat qəzeti”ndə çap olundu. Özü də Üzeyir Hacıbəyovun yubiley nömrəsində. Bunu əvvəllər də demişəm ki, mən bir neçə il susmağımla ədəbiyyata xidmət etmişəm. Çünki yaza bilməyəndə gərək yazmayasan, o ilham yoxdursa, vərəqi korlamamalısan.  Mənim yeniyetməlikdən dostum olan Ramiz Rövşən yazmışdı ki, Azərbaycan şairlərinin xoşbəxtliyindən, nasirlərinin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi. Bu ifadənin açması da belədir ki, yəni hər iki sahədə böyük bir istedadam (gülür). Məni tərifləyib. Amma mən plansız keçid etmişəm.

– Dövrümüzdə şairə şair, nəsr yazana isə yazıçı deyirlər. Bu mənada, şair ruhunuz azaddır, yoxsa, yazıçı? Yəni yazı trayektoriyanız hansında daha geniş olur? Həmçinin tənqidə daha çox hansında yer verə bilirsiniz?

– Yazıçı ruhu, şair ruhu, dramaturq ruhu, jurnalist ruhu, fəhlə ruhu deyilən şeylər hamısı əfsanədir. Bir adam olur və onun ruhu olur. O ruh həmişə sədaqətlə sizinlədir.

– Onda üzərində çalışdığımız romanlarınıza keçid edək. “Daş evlər” romanınızı analiz edərkən belə bir fikrə qapıldım ki, bu romanı ortaya çıxaran səbəb sizin daxili ehtiyacınız olub. Çünki ilk romanınızdır və müəyyən qədər avtobioqrafik səciyyə daşıyır. Sanki siz Akifin simasında başınıza gəlib-keçənləri danışmaq istəmisiniz. Bu mənim yanaşmamdır. Bəs sizin bu romanı yazmağınızın əsl səbəbi nə idi?

– “Daş evlər” mənim ilk romanımdır və o vaxt 100 min tirajla çıxıb. Çox populyar roman idi. Bu gün də o romanla bağlı mənə zəng edirlər, “haradan tapmaq olar?” – deyə soruşurlar. Bu roman bir tərəfdən avtobioqrafik, digər tərəfdən, sosial-psixoloji romandır. Mən uzun müddət Bakının müxtəlif yerlərində – İçərişəhərdə, Dağlı məhəlləsində və başqa-başqa yerlərdə kirayədə qalmışam. Çünki tələbə vaxtı yataqxanada 3-4 ay qaldıqdan sonra sıxıldım, saat məhdudiyyəti var idi deyə oradan çıxdım. Beləliklə, tələbəlik dövründə qalmaq üçün 10-15 yer dəyişmişdim. Ramiz Rövşən deyirdi ki, sən gələcəkdə böyük adam olsan, Bakının yarısına yazıb yapışdıracaqlar ki, Seyran Səxavət burada yaşayıb.

Bu romanım da duyduğum o azadlıq hissi ilə bağlıdır. Romanı planla yazmamışam. Sadəcə, hiss etdim ki, dolmuşam və boşalmağa ehtiyacım var. Bəli, bu, bir daxili ehtiyac idi. Fikrimcə, yazıçılar dünyanın ən eqoist adamlarıdır, çünki sözün böyük mənasında, ürəklərini boşaltmaqla məşğuldurlar, bütün ömürlərini yüklərini yerə qoymağa həsr edirlər. Bu artıq başqa mövzudur ki, o yüklərin içərisində möhtəşəm əsərlər yer alır. Kökdə mən öz timsalımda böyük bir eqoizm görürəm.

– Necə düşünürsünüz, sizcə, Akif obrazı yaşadığı “daş evlər”ə aiddirmi? Çünki bütün hadisələr onun “daş evlər”də qalmasından, eşq macərasından bəhs etsə də, o, digərlərindən fərqli olaraq “daş evlər”də kirayə yaşayırdı. Hətta bir müddət sonra İrana çıxıb gedir, ancaq romanda geri dönüşü barədə bir məlumat verilmir. Digərləri isə, “daş evlər” dağılandan sonra yeni  binalara köçürlər. Bunların fonunda belə fikir yaranır ki, əsərin əsas obrazı sanki əsas motivə aid deyil.

– Doğrudan, çox maraqlı və yeni bir sualdır. Mən bunu indi duydum, heç vaxt bu barədə fikirləşməmişəm. Mənə elə gəlir ki, Akif daş evlərdən bir az kənardadır. Hətta daş evləri Akif yaradır, sadəcə özünü gözə soxmur. Akif, yaxşı mənada, bu evlərdən qıraqdadır. “Daş evlər” romanının sonunda yazıçı obrazları ilə görüş keçirir. Elə bil bax, bunların hamısının təşkilatçısı Akifdir. Mən nə qədər qıraqdayamsa, Akif də daş evlərdən o qədər qıraqdadır. Akif mənim gəncliyimdir, mən Akifin qocalığıyam.

– Romanda bir-iki nəfər istisna olmaqla əksəriyyət bədbəxtdir. Məsələn, Gülağanın, Qadirin, Qəhrəmanovun, Çankonun taleyinin pis gətirməsində özünüzü günahkar hiss edirsinizmi? Niyə onları bədbəxt edirsiniz?

– Qətiyyən! Bu yaxınlarda “Nəcib söhbətlər” verilişində məndən soruşdular ki, yazı prosesində bəzən idrak üstünlük təşkil edib qalib gəlir, bəzən isə həyat güclü olur, sizcə, yazıçı təxəyyülü güclüdür, yoxsa, həyat? Mən orada bir fikir bildirdim, həmin fikir buna da aiddir. Həyat orijinaldır, bütün səviyyəsindən asılı olmayaraq yazılmış əsərlərin hamısı çox yaxşı və səliqəli kserokopiyadır.

– Sizcə, romandakı ən bədbəxt adam kimdir?

– Adamların ən bədbəxti və ya ən xoşbəxti olmur, adam, ya bədbəxtdir, ya da xoşbəxtdir. Bunlar, əslində uydurma şeylərdir. Mənim 78 yaşım var. Dünyanı gəzmişəm. Çox oxuyan yox, çox gəzən çox bilər. Çünki orijinal həyatdır, kitab isə kopyadır. Bədbəxtlik və xoşbəxtlik uydurma şeydir, necə ki “dünya ictimaiyyəti” deyilən şey uydurmadır. Əgər dünya ictimaiyyəti varsa, bu gün baş verən müharibələr olmaz və körpələr ölməz. Əgər dünyada bir körpə böyüklərin ucbatından ölürsə, deməli, sivil bəşəriyyətdən, sivilizasiyadan söhbət gedə bilməz. Əgər körpələr ölürsə, deməli, bu, sivil bəşəriyyət yox, zibil bəşəriyyət, sivilizasiya yox, zibilizasiyadır. İnsan iki dəfə xoşbəxt olur – dünyaya gələndə və dünyadan gedəndə. Bu ikisinin arasındakı vaxta isə ömür deyilir.

– “Daş evlər”də Tutu, Gülağa, İlqar, “Nekroloq”da da bir çox obraz həyatı pul kimi görür. Ailə səadətində maddiyyat nə kimi önəmə sahibdir?

– Onlar bir az qarışdırırlar. Pul, əlbəttə, önəmlidir. Məsələn, qabaqdan nahar gəlir, nəsə alıb yemək lazımdır. Yeməyi də qaşa-gözə vermirlər. Pul – ehtiyacları ödəmək üçün vacibdir. Amma insanlar elə hesab edir ki, ölənə qədər pul lazımdır, pulu həyatlarının amalına çevirirlər. Bunda isə gözün rolu çoxdur. İnsan anatomiyasında qarın hara, göz hara? Amma insan orqanizmində ən nəfisli şey gözdür, doymur, bəlkə, ona görə ki, çox şey görür. Ona da bəraət qazandırmaq olar.

– “Daş evlər” və “Nekroloq” romanlarının adları ilə mövzu arasında nəzərəçarpacaq əlaqə mövcuddur. Lakin “Yəhudi əlifbası” romanında bu bağlantını dəqiq şəkildə görmürük. Əsəri niyə “Yəhudi əlifbası” adlandırmısınız, bir tarixçəsi və ya səbəbi varmı?

– Mənə elə gəlir ki, birbaşa yazılan əsərlər birbaşa oxunmalıdır. Mən “Yəhudi əlifbası” əsərini bir dəfəyə yazmışam. Amma mən bilirəm ki, sən onu birbaşa, fasiləsiz oxumamısan. Ona görə də çoxlu suallar yaranır. Əsərdə dünyada acından ölənlərin qəbiristanlığı var, dünyanın bütün dövlət başçıları gəlib orada çıxış edir. Bax, onların o cərgəsi ki var, orada müəllif deyir ki, bunların duruşu yəhudi əlifbasına oxşayır. Elə bil yəhudi əlifbası düzülüşüdür. Ona görə də adı “Yəhudi əlifbası”dır. Kim necə istəyir, o cür də başa düşsün, dünyanın o qədər gözəl cəhətləri var. Orada da yəhudilərin çox böyük rolu var. Bütün yaxşı şeylərə görə də, pis şeylərə görə də mən baxan tərəfdən yəhudilər cavabdeh görünür. Həmin səhnədə dünyanın dövlət başçıları gəlib danışırlar. Belə getsə, o səhnə real olacaq. Sovet vaxtı tribuna olurdu, hamı düzülürdü orda. Onların düzülüşü də elə bil, yəhudi əlifbasına oxşayırdı, sıra ilə düzülmüşdülər.

– “Yəhudi əlifbası”nda Özünü Axtaran Adam özünü niyə itirib?

– İnsan ömür boyu özünü axtarır. Tapır, tapandan on dəqiqə sonra yenə özünü itirir. Elə insanın yaşantısı özünü axtarmaqla başlayır və ölənə qədər də insan özünü axtarır və bunu tapmaq qeyri-mümkün olur.

– Hər üç romanınızda aydın, ziyalı obrazı və problemi var. Mənə belə göründü ki, ziyalılığı bir problem kimi qəbul edirsiniz. Bəlkə də, yanlış düşünürəm. Sizcə, bu gün Azərbaycan ziyalılarının əskik  tərəfi nədir? Onlar da “Nekroloq”dakı şair kimi haqqı dilə gətirə bilmirlər, yoxsa bu barədə heç düşünmürlər?

– Onun məndə çox qısa cavabı var. Musa Yaqubu mən çox sevirdim, onun yubileyində çıxış edəndə müsbət cəhətlərini saydım və dedim ki, Musa həm də böyük ziyalıdır. Bizdə ziyalı deyəndə qarışıq salırlar ki, bu, elmlər namizədidir, elmlər doktorudur, amma boş şeydir. Mənim babam vardı – İsmayıloğlu Bəylər. “Yüz ilin kişisi” hekayəm ona həsr olunub. Bizim kənddən həkim, katib vəzifəsində işləyənlər də vardı. Babam isə əlifbanı bilmirdi. Amma ən böyük ziyalı o idi, həmin həkim və katib də məsləhət üçün babamın yanına gələrdi. Hündür, zəhmli, boy-buxunlu kişi idi. Bir dəfə məndən televiziyada da soruşmuşdular ki, ziyalı kimdir? Mən də cavab vermişdim ki, qatığın rəngini dəqiq bilən, yeri gələndə, onun rəngini dilə gətirənə ziyalı deyirlər. Musa da qatığın rəngini dəqiq bilirdi ki, o, ağappaqdır, ona görə də Musa böyük ziyalıydı.

– Niyə “Nekroloq” romanında bizim keçmiş ziyalılarımızın (Mirzə Fətəli Axundzadə, Nizami, Nəsimi, Füzuli və s.) heykəllərini canlandırmaq qərarına gəldiniz?

– Orada heykəllərin mitinqi var. Mən onu yazarkən ürəyimdən keçib yazmışam və ötürmək istədiyim mesaj da bu olub ki, bizim xalq böyük xalqdır, amma nə böyüklükdə xalqdırsa, o böyüklükdə də yaddaş problemi var.

– Ziyalıdan başqa, yenə hər üç romanda da jurnalist obrazına rast gəlirik. Jurnalistlərə diqqətçəkmə səbəbiniz nədir? Sizcə, jurnalistikanın azad olması topluma nə verə bilər?

– Həqiqət bir adama, ailəyə və cəmiyyətə nə verə bilərsə, azad jurnalistika da bir adama, ailəyə və cəmiyyətə onu verə bilər. Mən yazıçıyam, o da jurnalistdir, mənim əmim oğlu sayılır, qohumbazlıq edib əsərlərimdə ona yer vermişəm (gülür).

– Niyə əsərlərinizin qəhrəmanları insanlarla deyil, təbiətlə, ağac və quşlarla danışır? Bəs özünüz necə, yalnız qalanda təbiətlə dərdləşirsiniz?

– Özümdən indi iki detal deyəcəyəm. Sahil bağında mənim nəhəng yazıçım Yusif Səmədoğlunun bir ağacı var. Yusif bir gün mənə dedi ki, aşağıda bir nəfər var, gedək səni tanış edim. Həmin vaxt o, “Ulduz” jurnalında baş redaktor idi, mən də şöbə müdiri idim. Keçdik Sahil bağına. Gəldi ağacın yanına, “Tanış ol, bu mənim dostumdur”, – dedi. Sonra ağaca da məni təqdim elədi. Həmin ağac indi də durur. Mən hazırda Mərdəkanda yaşayıram, şəhərlə yola getməyib oraya köçdüm. Orada səhər-axşam 4-5 kilometr gəzirəm. Üç gün qabaq gördüm ki, böyük sahəni daş hasara alıblar, girəcək yeri də daşla bağlayıblar, ərazidə də bir at var. Atdan əvvəl səs çıxardım, bayaqdan başını aşağı sallayıb ot yeyən at başını qaldırdı. Başladım onunla danışmağa. Orada sahibsiz itlər var, onlarla da danışıram, mənimlə gəzirlər, məni müşayiət edirlər. Mən ağlı başında adamam. Amma onlarla söhbəti də sevirəm. Onlarda elə şey görürsən ki, bəzən heç insanlarda onu görə bilmirsən. Adamlar get-gedə heyvanlara meyilli olublar. Bunun bir səbəbi humanistliklə bağlıdırsa, beş səbəbi insanlardan əllərini üzmələri ilə bağlıdır. İnsanda görmədiklərini it-pişikdə görürlər. 1990-cı illərin əvvəllərində Londondan Parisə getmişdim. Parisdə bizim bələdçi vardı, keçmiş Çar generalının oğlu idi, belarus idi. O bizə məlumatlar verirdi, Eyfel qülləsindən də maraqlı bir məlumat verdi ki, 364 nəfər tarixə düşmək üçün özünü Eyfel qülləsindən atıb. Belə həyatlar var. Bələdçimiz həmin vaxt bir məlumat da verdi ki, insanlar öz həmcinslərindən əlini üzəndə meylini heyvanlara salır. Ona görə də o vaxt Parisdə qeydiyyatdan keçmiş 3 milyon it yaşayırdı.

– Əsərlərinizdə maraqlı məqamlardan biri də Allah-insan münasibətidir. Obrazlarınız, bəzən təhkiyəçi belə Allahdan razı deyil. Münasibətin bu dərəcədə pozulmasının səbəbi nədir?

– Münasibətlərin bu səviyyəyə gəlməsində, pozulmasında bütün günahlar bəndədədir. Allahın heç bir günahı yoxdur, heç bunun müzakirəsinə də ehtiyac yoxdur. İnsanlar çox qudurublar. Adam yaşadığı evi səliqəli saxlayar. İnsanların ən böyük bəlası da ev deyəndə, ancaq kiçik bir ərazini görməsidir. Bizim təfəkkürümüz 100 kvadrat-metrlik evimizdən kənara çıxa bilmir. Bütün Yer kürəsi bizim evimizdir, biz isə onu pis günə qoyuruq. Burada Allahın heç bir günahı yoxdur. Allahdan qorxmuram, uzaqbaşı, ona bir can borcluyam, mən də borclu qalan biri deyiləm, borcumu vaxtı çatanda qaytaracam, amma Allahımı sevirəm. Bir dəfə televiziyada dedilər ki, necə oldu siz Seyran Səxavət oldunuz? Dedim, məni yazıçı edən, kişi edən sevgi olub. Allah insanı yaradanda onun içinə böyük bir sevgi proqramı qoyur. Sevgini sən ötürməyəndə onun arxası gəlmir, o, içində çürüntüyə çevrilir və səni məhv edir. İnsan gözəllikləri sevməyi bacarmalıdır. Dünyada yaxşı və pis adam yoxdur. Baxır, sən hansı tərəfdən baxırsan. Hörmətli adam, nə vaxtsa yeməkdən doysan, gəl mənim yanımda dayan, bir az da mən baxan tərəfdən bax dünyaya, sonra çıxıb gedərsən.

Sayad HƏSƏNLİ /”Ədəbiyyat Qəzeti”

Seçilən
14
azpost.info

1Mənbələr