AZ

Ayan Allahverdiyeva DÇ-də gümüş medal qazandı

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Monteneqroda 20 yaşlılar arasında keçirilmiş dünya çempionatının gümüş medalını qazanıb.

Arena.az xəbər verir ki, Ayan sonuncu – 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb.

Bununla xalını 8-ə çatdıran Allahverdiyeva dünya çempionatının gümüş medalına layiq görülüb.

Ayan Allahverdiyeva bu gün vətənə qayıdıb. Şahmatçını Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri və yaxınları qarşılayıb.

Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib:

“Avropa çempionatında səhvlərim çox oldu. Səhvlər az olsaydı, daha yüksək yer tuta bilərdim. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım. Qazandığım nailiyyətdə əməyi olan hər kəsə – məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacağam”.

Ayan Allahverdiyeva 8 mart Beynəlxalq Qadınlar günündə qazandığı mükafatı anasına həsr etdiyini bildirib:

“Düzünü desəm, bayramı fikirləşməyə vaxt olmadı. Amma bu medalı anama həsr etsəm, doğru olar. O hər zaman mənimlədir. Hətta mükafatlandırmadan sonra zəng vuraraq vətənə qayıtmaqla bağlı yolda ehtiyatlı olmağımı istəyir, uduzanda da mənə dəstək olur”.

2024-cü ildə 20 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanmış Allahverdiyeva növbəti il bu yarışda iştirak edə bilməyəcəyini qeyd edib:

“Artıq 20 yaşım tamam olacaq və mən bu yarışda daha iştirak etməyəcəm. Ötən il qazandığım bürünc medaldan sonra vətənə ən yüksək əyarlı mükafatla qayıtmağı arzulayırdım. Təsəllim qızıl medal qazanan FIDE təmsilçisi Anna Şukmanı əvvəlki turda məğlub etməyim oldu. Məşqlərdə daha çox işləməliyəm ki, səhvləri təkrarlamayım. Qarşıda Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Arzularımdan biri yaxın gələcəkdə qadınlardan ibarət Azərbaycan millisinin əsas üzvünə çevrilməkdir”.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Seçilən
4
5
arena.az

10Mənbələr