PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 25-ci turunun “Renn”lə səfər oyunundan (4:1) sonra maraqlı açıqlaması ilə diqqət çəkib.
Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis öncə bu oyuna şərh vermək əvəzinə, Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la cavab oyunu çərçivəsində keçiriləcək səfər oyundan gözləntisi ilə söhbətə başlayıb:
“Renn”lə oyun öncəsi “Liverpul”la qarşıdakı oyun haqda düşünmədiyimi deyəndə, mən sizin hamınızı aldatmışdım. Əlbəttə, mən “Liverpul” haqda düşünürəm. Mən həmişə “Liverpul” haqda düşünmüşəm, elə, püşkdən bəri. Amma bu axşam mən bütün oyunçularımın işini və zehniyyətini vurğulamaq istəyirəm – həm başlanğıc heyətində meydana çıxmışların, həm də əvəzedicilərin, eləcə də meydana çıxmamış ehtiyatdakıların. İndi biz, xüsusilə ikinci hissənin əvvəlində özü də yaxşı oynamış “Renn”lə yaxşı bir oyun keçirdik. Komandam ciddi kökləndiyini nümayiş etdirdi. Biz “Liverpul”la oyun ərəfəsində ümidlərlə doluyuq”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, cavab oyunu çərçivəsində Fransa nəhəngi martın 11-də Liverpulda “qırmızılar”ın “qonağı” olacaq. Əlavə edək ki, statstika baxımından “Liverpul”dan üstün oyun sərgiləmiş PSJ, “qırmızılar”ın ikicə qol cəhdindən birini və qapıya yeganə qol zərbəsini (87-ci dəqiqə) buraxaraq, ilk oyunda acı məğlubiyyətlə barışmalı olub.
Fransa Liqa 1-də isə PSJ 25 oyundan 65 xalla yarış cədvəlinə başçılıq edir.