Ukrayna millisinin aşağı yaş qruplarından ibarət komandasının keçmiş qolkiperi Oleksiy Şevçenko sabiq baş məşqçisi Roman Qriqorçuk barədə həqiqətləri ortaya çıxarıb.

Offsideplus.az "Football24" saytına istinadən xəbər verir ki, hazırda 33 yaşı olan ukraynalı Qazaxıstanın "Okjetpes" klubunda çıxış edir. O, vaxtilə Roman Qriqorçukun baş məşqçilik etdiyi "Çernomorets"də forma geyinib.

Ukraynalı qapıçı "Neftçi"nin sabiq baş məşqçisi olmuş həmyerlisi barədə bu sözləri deyib:

"Çernomorets"də yaxşı heç bir şey görmədim. Sanki 15 il əvvələ qayıtmışdım, bu, dəhşətli idi. "Şaxtyor"dan sonra şoka düşmüşdüm. Qriqorçuk haqqında bir yaxşı insan kimi heç nə deyə bilmərəm. Onun təkcə mənə yox, bütün oyunçulara münasibəti pis idi. Qriqorçukun futboldan anlayışı olduğuna şübhəm var. O, futbol oynayıb ki? "Çernomorets"də işləyəndə klubun çiçəklənmə dövrü idi. Futbolçular onsuz da qələbə qazana bilərdilər. Qazaxıstanın "Astana" klubunda işləyəndə isə Qriqorçuk olmadan komanda çempion oldu. O, yaxşı məşqçi olsaydı, orda qalardı. Qriqorçuk harda yaxşı klub varsa, orda işləyir. Roman Qriqorçuk, diktatordur. O, Valdimir Putin kimi dayanır, onun danışıq tərzi də Kreml diktatoru ilə eynidir. Həmişə Allahı xatırladır. Deyir ki, futbol mənim ürəyimdədir. Qriqorçuk həmişə təhqiramiz sözlər işlədir, futbolçuları incidir. Hətta bəzi nəzəri iclaslardan sonra bir neçə futbolçu ağlamışdı da. Hər dəfə məğlubiyyətə görə günahlar axtarır. Belə bir şey yoxdur ki, desin, "uduzduq, hər şeyi unuduruq, növbəti oyuna hazırlaşırıq". O 1-2 futbolçu tapır və həmişə məğlubiyyətdə onları günahlandırır".

Qeyd edək ki, Roman Qriqorçuk 2024-cü ilin iyun ayının sonlarında "Neftçi"yə gəlib, 2024-cü ilin oktyabrında komandadan göndərilib. O, karyerası ərzində Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.