AZ

Pol Skoulz: “Ruben Amorimin kifayət qədər vaxtı var”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin işinə qiymət verib.

Arena.az xəbər verir ki, keçmiş mərkəz yarımmüdafiəçisi portuqal mütəxəssisə, komandanı dirçəltmək üçün nə qədər vaxt gərək olduğunu açıqlayıb:

“Düşünmürəm ki, hazırda ona böyük təzyiq göstərilir. Fikrimcə, onunla hər şey qaydasındadır. Onun kifayət qədər vaxtı var”, deyə Pol Skoulz vurğulayıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Lissabon “Sportinq”ində Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. Amorim “Mançester Yunayted”in sükanı arxasında niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasında 24 oyuna çıxıb, 11 qələbə, 3 heçə-heçə, 10 məğlubiyyət yaşayıb. Topların fərqi isə 45:45 nisbətindədir.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 27 oyununda 33 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə iddialıdırlar.

Seçilən
3
1
arena.az

2Mənbələr