BAKI, TurkicWorld
Hind Vadisi sivilizasiyasının hələ də deşifrə edilməmiş qədim yazısı dünyanın ən böyük tarixi tapmacalarından biri olaraq qalır. Bu sirri açan şəxsə isə 1 milyon dollar mükafat təklif edilir.
Müasir Pakistan və Hindistan ərazisində mövcud olmuş Hind Vadisi sivilizasiyası inkişaf etmiş şəhərsalma, ticarət yolları və mühəndislik nailiyyətləri ilə tanınsa da, onun əsl kimliyi və yaşam tərzi hələ də tam anlaşılan deyil. Bu sivilizasiyaya aid yazılar dünyanın ən böyük naməlum mətnlərindən biri olaraq qalır.
Hindistanın Tamil Nadu əyalətindən bu yazının deşifrə olunması üçün 1 milyon dollar mükafat elan edilib. Vaşinqton Universitetindən professor Rajesh P. N. Rao bildirir ki, "Əgər bu mətni deşifrə edə bilsək, Cənubi Asiya tarixi ilə bağlı çox vacib suala cavab tapa bilərik."
Hind yazısının hələ də başa düşülməməsinin bir neçə əsas səbəbi var. İndiyə qədər yalnız 4000-ə yaxın yazı nümunəsi tapılıb və ç oxu cəmi 4-5 işarədən ibarətdir.
Həmçinin, yazının başqa bir dildə tərcüməsini aparmağa imkan verən Rosetta Daşı kimi artefakt mövcud deyil.
Tədqiqatçılar mətnin sağdan sola yazıldığını və kommersiya və ya dini məqsədlərlə istifadə edildiyini düşünürlər. Lakin yazının mənası hələ də naməlum olaraq qalır.
Hind yazısının deşifrə edilməsi Hindistanda böyük mədəni müzakirələrə də yol aça bilər.
Bəzi alimlər Hind Vadisi sivilizasiyasının Sanskritə yaxın Hind-Avropa dillərində danışdığını düşünürlər, digər tədqiqatçılar isə Hind yazısının Cənubi Hindistanın Dravid dilləri ilə əlaqəli ola biləcəyini irəli sürürlər.
Bu mübahisə Hindistanda etnik kimlik siyasətinin bir hissəsinə çevrilib və tarixi irs məsələsini də gündəmə gətirir.
Alimlər süni intellekt və kompüter analizindən istifadə edərək yazı nümunələrini araşdırırlar. Lakin problemin tam həlli üçün yeni arxeoloji tapıntılar və beynəlxalq əməkdaşlıq vacibdir.
Mükafat elan edildikdən sonra bir çox həvəskar tədqiqatçı öz nəzəriyyələrini irəli sürsə də, ekspertlər vurğulayırlar ki, yazını tam və elmi şəkildə deşifrə etmək üçün daha çox dəlilə ehtiyac var.