AZ

Alman dəmir yolları şirkəti ötən il gecikmələrə görə sərnişinlərə 197 milyon avro ödəyib

Berlin, 9 mart, AZƏRTAC

Alman dəmir yolları şirkəti (Deutsche Bahn) ötən il gecikmələrə görə sərnişinlərə rekord məbləğdə - 197 milyon avroluq təzminat ödəyib. AZƏRTAC xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Sərnişin təyinat nöqtəsinə planlaşdırılandan ən azı 60 dəqiqə gec çatdıqda biletin məbləğinin 25 faizi, 120 dəqiqə və daha çox gecikmə olduqda isə 50 faizi geri qaytarılır. Ötən il təzminat tələbi ilə 6,9 milyon müraciət daxil olub. Bu müraciətlər əsasında 196,8 milyon avro ödənilib. Bu rəqəm 2023-cü ildə 132,8 milyon, 2022-ci ildə isə 92,7 milyon avro təşkil edib.

Ötən il gecikmələrin 80 faizi köhnəlmiş və həddindən artıq yüklənmiş infrastrukturla bağlı olub. 2024-cü ildə qatarların üçdə birindən çoxu gecikib. Vəziyyəti yaxşılaşdırmaq üçün şirkət 2030-cu ilədək 40-dan çox əsas dəmir yolu xəttini təmir etməyi planlaşdırır. 2027-ci ilin sonuna qədər şəhərlərarası sürət qatarlarının dəqiqliyinin 75-80 faizə qədər artırılması planlaşdırılır. Bu hədəfə nail olunduqda “Deutsche Bahn” 2004-cü ildəki səviyyəyə yaxınlaşacaq. Həmin vaxt qatarların dəqiqlik səviyyəsi 84,3 faiz olub.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
14
4
azertag.az

5Mənbələr