“3 il ərzində bir neçə dəfə müsahibələrimdə, paylaşımlarımda Fuad Nağıyevin etdikləri ilə mübarizə aparırdım, sadəcə, ad çəkmirdim. Amma Dövlət Turizm Agentliyi deyiləndə onun sədri, müavini, oradakı funksionerlər nəzərdə tutulurdu”.
Bu sözləri Globalinfo.az-a Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin məhz vəzifədən azad olunmasından sonra onunla bağlı danışmasına aydınlıq gətirərkən deyib.
O, bəzi məsələlərin hər zaman gizli qalacağını bildirib:
“Bəlkə də, deyilməyən sözlər bir neçə ilə açıqlana, ya açıqlanmaya. Çünki bunlar 3 ildə Azərbaycan mətbəxini dünyada elə çökdürdülər ki, bundan sonra onu yerinə qaytarmaq üçün bizə 30 il lazımdır. Ermənistana elə rövnəq verdilər ki, ermənilər artıq Dünya Kulinariya təşkilatlarına getməyə başladılar, yarışa qatılıb, medal əldə etdilər. Mart ayında işdən çıxdım, artıq dekabrda Ermənistanın rəsmi saytına bizim 250 xörəyimiz yerləşdirildi. Onlar bunu dünyaya çıxardılar. Ötən il 31 oktyabrda Nikol Paşinyan çıxışı zamanı böyük proyektlərindən danışdı. Çünki qarşılarında daha işləri müdafiə edən qurum yox idi”.
T.Əmiraslanov qurumda külli miqdarda yeyintinin olduğunu qeyd edib:
“Baxın, bir il ərzindən büdcədən 2.9 milyon manat pul siliblər. 200 kv metrlik yerdə 17 adam əyləşir, ora isə 400 kv metrlik evin pulunu yazıblar. Guya təmir ediblər və s. Təsəvvür edin, balaca bir yer üçün 2 restoranın mətbəx avadanlığının pulunu siliblər. Ofisdə mətbəx avadanlığı nə gəzir?! Tahir Əmiraslanovu ordan uzaqlaşdırmaq həm rahat pul yemək üçün idi, həm də digər məsələlər var. Bunların 1 ildə Axərbaycan mətbəxi üçün “xərclədikləri” 2.9 milyon pul Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsinin puludur”.
Tahir Əmiraslanov ona qarşı olan münasibətə toxunub:
“Mən elə pozisiyada idim ki, mənimlə büdcənin talanması mümkün deyildi. Bu məsələdə kimə xeyir oldu? Ermənilərə! Deməli, burda onların əli var. Ermənilərin bizim təbliğat mexanizmimizi dağıtmaq planı onların (Dövlət Turizm Agentliyi -red.) əli ilə baş verdi. Agentlik yaranan gündən festivalların keçirilməsi qadağan edildi, təbliğatın qarşısı alındı. Məni 2 ayda işə götürüb, işdən çıxardılar. Bir çox tədbirlərə də buraxılmırdım. Hətta ordan çıxdıqdan sonra mənimlə düşmənçilik etdilər və bu günə qədər də bu, davam edir. Düşünün, 4 milyon pulu yeyiblər, kitab çap etdirməyə 17 min manat tapılmadı. Başladılar təzyiq etməyə”.
Telegram kanalımız