AZ

Oruc zamanı diqqət edilməli məqamlar

Ramazan ayında azyaşlılar və ahıllar da oruc ibadətini yerinə yetirmək istəyirlər. Bəs uşaqlar bu ibadəti yerinə yetirə bilərlərmi? Yaşlı insanlar üçün oruc ibadəti nə qədər vacibdir?...

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Uşaqlar oruc tutmağa məcbur deyillər"

İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli "Kaspi"yə bildirib ki, İslam dininə görə oruc ibadəti həddi-buluğa çatmış, sağlam müsəlmanlara vacibdir: "Həddi-buluğ yaşı islama görə uşaqlar üçün 9-15 yaş arasında dəyişir. Bundan əvvəl uşaqlar dini cəhətdən oruc tutmağa məcbur deyillər. Lakin valideynlər onları bu ibadətə tədricən öyrəşdirə bilərlər. Uşaqlar üçün orucun öyrədilməsi lazımdır. Kiçik yaşlı uşaqlar üçün orucu tam şəkildə tutmaq məcburi deyil. Amma onlara Ramazan ayının əhəmiyyətini anlatmaq üçün qısa müddətli (məsələn, günün yarısına qədər) oruc tuta biləcəkləri tövsiyə edilir. Uşaqlara yavaş-yavaş oruc tutmağın mahiyyəti başa salınır və istəyərlərsə, qismən oruc tuta bilərlər".

Yaşlı insanlara gəlincə, axund bildirir ki, ümumiyyətlə Allah tərəfindən Ramazan ayı orucunun vacib olmasında sağlamlıq əsas şərt kimi qoyulub. Əgər yaşlı insan sağlamdırsa, orucunu tutmalıdır. Yəni burada yaşlı və ya cavanlıq meyarı yox, sağlamlıq meyarı əsas götürülür.

Öncə orucun mahiyyəti izah edilməlidir

Pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, uşaqlar və yaşlılar Ramazan ayında oruc tutmaq baxımından xüsusi diqqət tələb edən qruplardır: "Həm uşaqlar, həm də yaşlılar oruc tutarkən müəyyən sağlamlıq riskləri ilə qarşılaşa bilərlər. Buna görə onların oruc tutmağı barədə düşünərkən bir neçə faktoru nəzərə alırıq. Uşaqlar üçün oruc tutmağa başlama yaşı 12 və daha üstüdür. Bu yaşda bədənin fiziki və ruhi inkişafı yetərli olur və oruc tutmaq uşaqların sağlamlığına zərər verməz. Ancaq uşaqların fərdi inkişafı fərqli olduğuna görə, valideynlər onların sağlamlıq və psixoloji vəziyyətini nəzərə alaraq qərar verməlidirlər. Həmçinin, oruc tutmağa başlamazdan əvvəl uşaqlara bu ibadətin nə olduğunu və niyə tutulduğunu izah etmək çox vacibdir. Uşaqlar oruc tutmağa başlamadan əvvəl, onları dini və mənəvi cəhətdən hazırlamaq vacibdir. Oruc tutmanın nə olduğunu, niyə tutulduğunu və bunun bədənlərinə necə təsir edəcəyini anladan söhbətlər etmək faydalıdır. Oruc tutmağa başladıqdan sonra, onların yorğunluq, susuzluq və ya başqa fiziki narahatlıqlar hiss etməsi halında oruc dayandırılmalıdır. Bu, uşaqların sağlamlığını qorumaq üçün vacibdir".

Qidalanma çox önəmlidir

Həkim bildirir ki, uşaqlar oruc tutarkən onların qidalanması çox önəmlidir. Sahurda uşaqların protein və lif mənbələri ilə zəngin yeməklər qəbul etməsi vacibdir. Məsələn, yumurta, noxud, qoz və tam buğda çörəyi kimi qidalar enerji verər və uşaqların oruc müddətində daha az yorulmalarına kömək edər. Bundan əlavə, uşaqlara bol su içmək tövsiyə olunmalıdır. Sahurda və iftarda susuzluq yaratmayan və bədəni nəmləndirən qidalar, həmçinin meyvə və tərəvəz yemək faydalıdır. Uşaqların oruc tutması tədricən olmalı və onların bədənləri bu ibadətə alışmalıdır. İlk başda qısa müddətlərdə oruc tutmağa başlamaq və ya günün müəyyən saatlarında oruc tutmaq daha yaxşıdır.

Poliqon.info

Seçilən
5
7
poliqon.info

8Mənbələr