Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa ölkənin qərb hissəsində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmaları gözlənilən problemlər adlandırıb.
"Report" xəbər verir ki, onun çıxışı "Al Arabiya" telekanalı tərəfindən yayımlanıb.
"Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - əş-Şəraa bildirib.
Əş-Şəraanın sözlərinə görə, mülki insanlara hücumlarda iştirak edənlər məsuliyyətə cəlb olunacaq.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında qarşıdurmalar başlayıb. Ən şiddətli toqquşmalar Cəbla şəhərində qeydə alınıb. Qarşıdurmalar nəticəsində 600-dən çox insan həyatını itirib.