Böyük Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə və kibertəhlükəsizlik sahəsində yardım göstərməkdə davam edir.
"Report" xəbər verir ki, bunu "Sky News" telekanalına müsahibəsində Lankaster Hersoqluğunun kansleri Pat Makfedden bildirib.
“Biz Ukraynanı silahla təchiz etməyə və kiber cəbhədə kəşfiyyat dəstəyi və yardım göstərməyə davam edirik", - o söyləyib.
Makfedden əlavə edib ki, Britaniyanın müdafiə naziri Con Hili bu həftə Vaşinqtona səfəri zamanı ABŞ müdafiə naziri (Pentaqonun rəhbəri) Pet Heqset ilə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya silah satışını dayandırmaq və onunla kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdırmaq qərarını müzakirə edib.