Azərbaycan Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Sabah” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Önəmli qələbə idi. Hər xal bizimçün qızıla bərabərdir. Azarkeşlərimiz önündə qələbənin xüsusi önəmi var. Stabillik çatışmırdı, indi ardıcıl qələbələr qazanırıq. Futbolçuları təbrik edirəm. Taktiki baxımdan rəqibə üstünlük vermədik. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissə tempin yüksək olmaması normaldır. Bu xal elitada qalmağımıza çox kömək olacaq.
– Rəqib baş məşqçi bildirdi ki, oyunçularınız çox vaxt apardı, gözəl futbol oynamadı.
– Bu şeylərə fikir vermirən. “Turan Tovuz”la oyunda 82-90+4-ə qədər meydanda futbol olmadı. Bu, normaldır. Əvvəl də qeyd etdim ki, ikinci hissə normal futbol olmadı.
– Edqar Adilxanovu milli üçün hazır hiss edirsiniz?
– Gəlin, tələsməyək. Bir çox futbolçu olub ki, parlayıb və tez də sönüb. Edqarın böyük potensialı var, indi ona kömək etməliyik. Daimi belə oynasa, milliyə namizəd ola bilər. Ad üçün milliyə çağırılmaq düzgün deyil. Gənc yığmaya gedirsə, formanı almalı və verməməlidir. Necə ki, Elvin Cəfərquliyev, Toral Bayramov belə etdi.
– Turnir cədvəlində “Sumqayıt”ı arxada qoydunuz…
– Kimdən öndə olmağımızın önəmi yoxdur. Əsas elitada qalmaqdır. İki pillə irəli qalxa biləcəyiksə, bizimçün daha yaxşı.
– Tribunada yeni transferiniz var idi. Durumu necədir?
– Tibbi baxışdan keçəndən sonra müqavilə imzalanacaq. Pusi gedəndən sonra bu mövqeyə oyunçu axtarırdıq. Bu gün bir hücumçu ilə qalmışıq, ona görə yeni transferə ehtiyac var idi.
– Komanda son turlarda formadadır. Relsə düşdüyünüzü demək olar?
– Qışdan sonra bəzi matçlarda yaxşı oynadığımızı, ancaq buna görə xal verilmədiyini demişdik. Futbolçulara bildirirdim ki, ruhdan düşmək lazım deyil.
– Əsas vaxta əlavə edilən 7 dəqiqə normal idi?
– Vallah, “Turan Tovuz”la oyunda daha çox dayanma olsa da, 4 dəqiqə əlacə edilmişdi. Cavid Cəlilov pis idarəçilik etmədi, oyunun tempinin çox aşağı düşməsinə imkan vermədi.
– Belə fikir var ki, Ayxan Abbasov “Sabah”ı yaxşı oxuyub…
– Bizim də uda bilmədiyimiz komandalar var.
Şahin Cəfərov