Azərbaycan Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Sabah” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Bugünkü oyunumuzu əvvəlki matçla müqayisə etsək, kifayət qədər inamsız oynadıq. Matçın gedişində çoxlu fasilələr oldu və sürət azaldı. Buna yol verən rəqib komanda idi. Müasir futbolda intensivlik vacibdir. Amma bu, bəhanə deyil. Daha yaxşı oynayıb, qələbə qazanmalı idik.
– Artıq ikinci dəfə Şamaxıda məğlub oldunuz. Burda xal qazana bilməməyinizin səbəbi nədir?
– Deyə bilərəm ki, mövqe hücumlarına keçərkən rəqibin müdafiəsini yara bilmirik və onlar əks-hücumda bizi yaxaladılar.
– Meydançada bəstəboy futbolçulardan olan Edqar Adilxanov sizə başla qol vurdu. Buna necə izah verərdiniz?
– Bu, futboldur. Mövqe seçimimizdə səhvlik oldu.
– Özünüz futbolçu kimi komandanızda lider idiniz. İndi heyətdə mental lider oyunçunuzun olmamağı əsas problemlərdəndir?
– Əlbəttə, liderin olması çox önəmlidir. İnanıram ki, bizim də belə oyunçumuz olacaq və komandanı arxasınca aparacaq.
– Bir neçə gün əvvəl Abdulla Rzayev və Şakir Seyidov əvəzedici komandaya göndərildi. Daha öncə də kapitan Elvin Camalova “qapını” göstərdiniz. Yerli oyunçulara antipatiyanızın olmasının səbəbi nədir?
– Heç bir antipatiya yoxdur. Seymurun meydana qayıtması, Xəyalın startda olması bunu göstərir. Oyunçuların əvəzedici komandalara göndərilməsi səviyyələri ilə bağlıdır. Bu, mən və məşqçilər korpusunun qərarıdır. Bir də uşaqların yanaşmasından çox şey asılıdır.
– Qışda Abdulla Rzayevə “Neftçi”dən təklif olsa da, siz qalmasını istəmişdiniz. Qısa zamanda nə dəyişdi ki, indi əvəzedici komandadadır?
– Mən saxlamışam? Bu, sizdə olan məlumatdır.
– Turnir cədvəlində özünüzdən aşağı olan komandalarla oyunlarda xallar itirirsiniz. Komandanı siz kökləyə bilmirsiniz, yoxsa problem oyunçulardadır?
– Bu, sadəcə bəzən oyunçuları kökləməklə bağlı deyil. Özümüzdən aşağıdakı komandalara qarşı çətinliklərimiz onların sıx müdafiəsi ilə bağlıdır. Futbolçuların istəyi ilə bağlı nəsə deyə bilmərəm. Onların arzulu olduğunu rəqəmlər də göstərir.
– Mikels və Parris uzun müddətdir “səhnə”də deyil. Bu, nə ilə bağlıdır?
– İkisinin də ağrıları var. Zədə səbəbindən yoxdurlar.