AZ

Vasili Berezutski: "Bizim istədiyimiz oyuna uyğun deyillər"

"Sabah" Misli Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Araz-Naxçıvan"la matçla müqayisədə bu gün inamsız oyun sərgilədik. Oyun zamanı çoxlu fasilələr oldu. Bunlar oyunun sürətini, intensivliyini azaldır. Bunu edən yalnız rəqib komanda idi. Müasir futbolda intensivlik çox önəmlidir. Rəqibin futbolçuları bəzən 3 dəqiqə, hətta daha çox fasilələrə səbəb olurdular. Amma bu, bizim üçün bəhanə olmamalıdır. Daha yaxşı oynayıb qalib gəlməli idik. Əminliklə deyə bilərəm ki, bu oyunu aktivimizə yaza bilmərik.

- Artıq ikinci oyundur ki, Şamaxıda məğlub olursuz. İki oyunu müqayisə edəndə "Sabah" hansı komponentlərdə"Şamaxı"ya uduzdu?

- Mövqe hücumları zamanı rəqibin sıx müdafiəsini yara bilmirik. Onlar bizi əks-hücumlarda yaxalayıb qollar vurur. Bu, bəlkə də futbolçuların səviyyəsi ilə bağlıdır. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda hər zaman belə olur.

- Meydandakı bəlkə də ən bəstəboy futbolçu sizə başla qol vurdu. Bunu necə izah edərdiniz?

- Bu, səhv fikirdir. O demək deyil ki, bəstəboy futbolçu cərimə meydançasında yaxşı mövqe seçib qol vurmayacaq. Futbolda belə şeylər olur.

- Düşünmürsüz ki, "Sabah"da mental cəhətdən lider futbolçu yoxdur?

- Əlbəttə ki, liderin olması çox önəmlidir. Lider komandanı öz arxasınca aparır, istiqamət verir. İnanıram ki, bizdə də belə bir futbolçu olacaq və komandanı irəli aparacaq.

- Kapitan Elvin Camalovla yollarınızı ayırdınız. Daha sonra Abdulla Rzayev və Şakir Seyidovu əvəzedici komandaya göndərdiz. Yerli futbolçulara olan antipatiyanızın səbəbi nədir?

- Heç bir antipatiyam yoxdur. Seymur yenidən meydana qayıtdı. Xəyal Əliyev bizdə əsas heyətdə oynayır. Qərarım oyunçuların keyfiyyəti ilə bağlıdır. Bizim istədiyimiz oyuna uyğun deyillər. Futbolda işə yanaşma da çox önəmlidir.

- Abdulla Rzayevə qışda "Neftçi"dən təklif var idi, amma siz onu komandada saxladınız. İndi nə dəyişib?

- Mən onu nə vaxt buraxmadım ki? Bu, sadəcə sizdə olan məlumatdır.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
10
4
sportal.az

6Mənbələr