"Kəpəz" qış fasiləsindən sonra maraqlı trayektoriya cızıb.
Hədəfi Premyer Liqada qalmaq olan bölgə klubunun bu yolda əsas rəqibləri "Səbail" və "Şamaxı"dır.
Ehtimal etmək olardı ki, gəncəlilər məhz adıçəkilən klublarla görüşdə müsbət nəticə üçün hər şey edəcək.
Amma nə "Şamaxı"nı, nə də "Səbail"i udmaq mümükün olmadı. Xüsusilə Bayıldakı məğlubiyyət şok effekti verdi.
Əvəzində Azər Bağırovun komandası iddialı klublar üçün ciddi başağrısına çevrilib. Ələlxüsus da ev oyunlarında.
Gəncə şəhər stadionunda aparılan əsaslı təmir səbəbindən Tovuza köç edən Qərb təmsilçisi artıq qonşu rayonda özünü ev sahibi kimi aparır.
Sahiblənmənin təməli də məhz evin həqiqi sahibi ilə qarşılaşmada tökülüb.
Ki, 2025-ci ildə "Kəpəz"dən ilk zərbəni "Turan Tovuz" alıb. Kurban Berdiyevin yetirmələri doğma publika önündə əzəli rəqibinə darmadağınla məğlub oldu - 2:5.
Vasili Berezutskinin "Sabah"ı da azərbaycanlı mütəxəssislə bacarmadı. "Tələbələr" 2 dəfə önə keçdiyi görüşdən xalsız ayrılmalı oldu - 2:3.
"Kəpəz"in zərbəsinə tuş gələn sonuncu klub "Neftçi" oldu. Qış fasiləsindən sonra qələbələri sırlayan "ağ qaralar" bu dəfə Tovuzdan xalsız qayıtmalı oldu - 0:1.
Səfərdə "Araz Naxçıvan"la qolsuz bərabərliyə razılaşan region klubu yalnız "Zirə"yə asan təslim olub - 0:2.
"Qartallar"a məğlubiyyətdə hava şəraiti səbəbindən şərtlərin ağır olmasının az rol oynamadığını unutmaq olmaz. Kim bilir, normal şərtlərdə bəlkə də "Kəpəz" hegemoniyası Zirədə də iş başında olacaqdı.
XANOĞLAN / SPORTİNFO.AZ