Vaşinqton, 9 mart, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə ukraynalı həmkarları ilə danışıqlar aparmaq üçün martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək.
AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, Ciddədə o, həmçinin Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşərək regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək.
Marko Rubio, həmçinin G7 Xarici İşlər Nazirləri toplantısında iştirak etmək üçün martın 12-14-də Kanadanın Şarlevua şəhərinə gedəcək. Görüşdə Yaxın Şərq və Avropadakı münaqişələr, Afrika və Hind-Sakit okean regionunda əməkdaşlıq, Qərb yarımkürəsində sabitlik müzakirə olunacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton