"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, rusiyalı mütəxəssis “Araz-Naxçıvan"la matçla müqayisədə bu gün inamsız oyun nümayiş etdirdiklərini söyləyib.
Onun sözlərinə görə, oyun zamanı çoxlu fasilə olub.
- Bunlar oyunun sürətini, intensivliyini azaldır. Bunu edən yalnız rəqib komanda idi. Müasir futbolda intensivlik çox önəmlidir. Rəqibin futbolçuları bəzən 3 dəqiqə, hətta daha çox fasilələrə səbəb olurdular. Amma bu, bizim üçün bəhanə olmamalıdır. Daha yaxşı oynayıb qalib gəlməli idik. Əminliklə deyə bilərəm ki, bu oyunu aktivimizə yaza bilmərik.
- Artıq ikinci oyundur ki, Şamaxıda məğlub olursunuz. İki oyunu müqayisə edəndə "Sabah" hansı komponentlərdə "Şamaxı"ya uduzdu?
- Mövqe hücumları zamanı rəqibin sıx müdafiəsini yara bilmirik. Onlar bizi əks-hücumlarda yaxalayıb qollar vurur. Bu, bəlkə də futbolçuların səviyyəsi ilə bağlıdır. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda hər zaman belə olur.
- Meydandakı bəlkə də ən bəstəboy futbolçu sizə başla qol vurdu. Bunu necə izah edərdiniz?
- Bu, səhv fikirdir. O demək deyil ki, bəstəboy futbolçu cərimə meydançasında yaxşı mövqe seçib qol vurmayacaq. Futbolda belə şeylər olur.
- Düşünmürsünüz ki, "Sabah"da mental cəhətdən lider futbolçu yoxdur?
- Əlbəttə ki, liderin olması çox önəmlidir. Lider komandanı öz arxasınca aparır, istiqamət verir. İnanıram ki, bizdə də belə bir futbolçu olacaq və komandanı irəli aparacaq.
- Kapitan Elvin Camalovla yollarınızı ayırdınız. Daha sonra Abdulla Rzayev və Şakir Seyidovu əvəzedici komandaya göndərdiniz. Yerli futbolçulara olan antipatiyanızın səbəbi nədir?
- Heç bir antipatiyam yoxdur. Seymur yenidən meydana qayıtdı. Xəyal Əliyev bizdə əsas heyətdə oynayır. Qərarım oyunçuların keyfiyyəti ilə bağlıdır. Bizim istədiyimiz oyuna uyğun deyillər. Futbolda işə yanaşma da çox önəmlidir.
- Abdulla Rzayevə qışda "Neftçi"dən təklif var idi, amma siz onu komandada saxladınız. İndi nə dəyişib?
- Mən onu nə vaxt buraxmadım ki? Bu, sadəcə sizdə olan məlumatdır (sportal.az).