BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk hazırda Azərbaycanda məhkəməsi gedən ermənilərin dərhal həbsdən azad edilməsi barədə tələb irəli sürüb və arqumentsiz-filansız ittihamlarda bulunub. Həm də harada? – İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 58-ci sessiyasında...
Adamın adına, statusuna, təmsil etdiyi təşkilata, nitq söylədiyi tədbirə, həndəvərinə, “kruq”una ... əlqərəz, hansı tərəfinə baxsan “insan hüquqları” ilə bağlıdır.
Həmin insan hüquqlarına ki, anlayışın “insanlıq” tərəfi sağ köşədə boğulur, “hüquq” tərəfi isə sol.
Elə məhz beynəlxalq təşkilatlar tərəfindən!
Tramp o boyda kritik qərar verib - BMT-dən çıxmaq barədə – veclərinə gəlmir, Suriya iki gündür qan çanağına dönüb – tərəflərindən reaksiya yoxdur, Rusiya-Ukrayna müharibəsində işin əsas tərəfini həll etməli olan bunlar – yoxa çıxıblar, Çin yeni münaqişəyə təhrik olunur – səsləri çıxmır, amma....Harutunyanın, Vardanyanın dərdi niyəsə yatağan işbazları əməllicə götürüb və minlərlə kilometr uzaqdan qışqır-bağır salıblar ki, “bizim uşaqları buraxın”.
Cənab Folker! Onları buraxmağın adı bilirsinizmi nədir? Budur ki, get yenidən diril, pul qazan, silahlan, ətrafına adam yığ və sonra da gəl mənim əsgərlərimə güllə at! Vəssalam. Başqa açması yoxdur.
Varsa da, daha betərdir!
Həbsdəkilər özləri deyir, biz müharibə cinayətkarıyıq, filan-filan qırğınların törədilməsində, kimyəvi silahların, istifadəsi qadağan olunmuş bombaların atılmasında, mülki əhalinin öldürülməsində rol almışıq, amma sən deyirsən, yox, elə deyil?
Harutunyan sandıqda nə vardısa açdı-tökdü, məkrli planları sadaladı, terrorçuların cəbhə boyunca yerləşmə trayektoriyasını göstərdi, əsas hədəflərinin hava limanları olduğunu və o limanları vurduqdan sonra iz itirmək tapşırığının gəldiyini, Paşinyanın və digərlərinin müharibə gedən ərəfədə hansı oyunlardan çıxdığını bütün təfsilatı ilə söylədi, amma sən deyirsən ki, elə şey-zad olmayıb?
Ta utanmaqdan keçib. Bəlkə buyurasan ki, bütün işğaldan azad olunan ərazilər boyunca düzülən minalar da oyuncaqdır və öz-özünə torpağın altına girib?
Bəlkə təklif edəsən ki, dustaqlara hər iclasdan əvvəl isti çörək üstündə qara ikra ilə yağ verək, fasilədə rəqqasələr çağıraq, axşamlar darıxmasınlar deyə şou proqram, ya da zövqə görə “ciyəraxşamı”- filan təşkil edək? Hə?
Bu insanlar bilirsinizmi niyə rahat-rahat cinayətlər törətdilər, niyə həbsdədirlər və məhkəmə qarşısında boyunları bükük, alınlarında damğa dayanıblar? Elə ilk səninkimilərin ucbatından!
4 qətnamədən birini icra etdirməyə təpəri çatmayan, 30 il boyunca mürgüləyən, sülh əvəzinə müharibəni, qanı, silahı, qətli təşviq edən, harutunyanlara hər yerdə yaşıl işıq yandıran, bütün məhrəm prinsipləri çeynəyən və güdaza verən BMT-nin ucbatından, ATƏT-in ucbatından, makronların, şvabelərin əlində oyuncağa çevirilən AŞPA-nın ucbatından!
Laqeydlik ucbatından. Səriştəsizlik ucbatından.
***
Sizin dəyərləriniz çox dəyişib, çox! Hətta o qədər dəyişib ki, bir azdan ölkələrin daxili işlərinə qarışmağı, məhkəmələrə təzyiq etməyi imperativ norma kimi nizamnamənizə də daxil edərsiz. Ya da Harutunyanla, Vardanyanla bağlı çabaları inkişaf etdirərək ölümündən sonra Hitlerə Nobel mükafatının verilməsini belə təklif edərsiz...
Onsuzda abır gedirsə, bir dəfə gedir. Sonrası rahat olur.
Ən nəhayət, cənab Folker Türk! Hər şey bir yana qalsın, barı üzərində daşıdığın Türk adından utan və türk millətinə mənsub olanların haqqını bu qədər görməzdən keçmə. Hə, bir də....dediklərinin sənin özün qədər əhəmiyyətsiz olduğunu da qəti unutma.
***
Hələ çıxışının sonluğundakı vurğuya, hədəyə bir baxın: “Mən BMT adından danışıram!”
Pah. Xox. Qorxutdun bizi əməlli.
Ondansa deyərdin ki, BMW qədər nüfuzu olmayan BMT adından danışıram...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.