"Araz-Naxçıvan"la matçla müqayisədə bu gün inamsız oyun sərgilədik".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Şamaxı" ilə (0:1) oyundan sonra mətbuat konfransında bildirib.
Mütıxıssisin sözlərinə görə, oyun zamanı çoxlu fasilələr olub: "Bunlar oyunun sürətini, intensivliyini azaldır. Bunu edən yalnız rəqib komanda idi. Müasir futbolda intensivlik çox önəmlidir. Rəqibin futbolçuları bəzən 3 dəqiqə, hətta daha çox fasilələrə səbəb olurdular. Amma bu, bizim üçün bəhanə olmamalıdır. Daha yaxşı oynayıb qalib gəlməli idik. Əminliklə deyə bilərəm ki, bu oyunu aktivimizə yaza bilmərik. Mövqe hücumları zamanı rəqibin sıx müdafiəsini yara bilmirik. Onlar bizi əks-hücumlarda yaxalayıb qollar vurur. Bu, bəlkə də futbolçuların səviyyəsi ilə bağlıdır. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda hər zaman belə olur".
Baş məşqçi komandada mental cəhətdən lider futbolçuların olmasını çox önəmli faktor kimi dəyərləndirib: "Lider komandanı öz arxasınca aparır, istiqamət verir. İnanıram ki, bizdə də belə bir futbolçu olacaq və komandanı irəli aparacaq".
Berezutski əvəzedici komandaya göndərilən yerli futbolçularla bağlı da fikirlərini səsləndirib: "Onlara qarşı heç bir antipatiyam yoxdur. Seymur yenidən meydana qayıtdı. Xəyal Əliyev bizdə əsas heyətdə oynayır. Qərarım oyunçuların keyfiyyəti ilə bağlıdır. Bizim istədiyimiz oyuna uyğun deyillər. Futbolda işə yanaşma da çox önəmlidir".
İdman.biz