“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sabah”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov vacib qələbə qazandıqlarını deyib:
“İlk öncə komandamı, azarkeşlərimizi təbrik edirəm. Önəmli qələbə idi. Bu dəqiqə hər xal bizim üçün qızıla bərabərdir. Futbolçularımı təbrik edirəm, taktiki baxımdan rəqibə üstünlük vermədilər. Bu xallar Premyer Liqada qalmağımıza böyük kömək edəcək.
İkinci hissədə tempin yüksək olacağını bilirdik. Qol vurduqdan sonra nəticəyə oynadıq. Vasili Berezutskinin vaxtın uzadılması ilə bağlı dediklərində həqiqət var. Bu da normaldır. İkinci hissədə nəticəyə oynamalı olduğumuzu demişdim. Rəqib məşqçinin belə fikir səsləndirməsi ilə razıyam. Onlar da qələbə qazanmaq istəyirdilər.
Premyer Liqada bu gün hansısa komandadan öndə və ya geridə olmaq elə də önəmli deyil. Əsas məqsədimiz liqada qalmaqdır. Yox, hansısa komandanı qabaqlaya biliriksə, bu da yaxşı haldır.
Komandamda əvvəllər sabitlik çatışmırdı, tez-tez məğlub olurduq. Qışdan sonra komandaya yeni oyunçular qoşulub. Həmişə futbolçularıma bildirirdim ki, məğlubiyyətlər bizi ruhdan salmasın. Məşqlərdə çox çalışıb bunların öhdəsindən gəldik”.