“Sabah” Misli Premyer Liqasının 26-cı turunda “Şamaxı”nın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
Rusiyalı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
“Bugünkü oyunumuzu öncəki “Araz-Naxçıvan”la keçirdiyimiz matçla müqayisə etsək, daha zəif çıxış etdik. Oyunda çoxlu fasilələr oldu. Rəqib oyunçular çox vaxt uzadırdı. Əlbəttə ki, biz bunu bəhanə edə bilmərik.
Rəqibin sıx müdafiəsini yara bilmirik. Rəqiblər əks-hücumlarda bizi yaxalayıb qollar vurur. Bunu bəlkə də, oyunçuların səviyyəsi ilə də əlaqələndirərdim. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalarla daha çox belə hallar yaşanır.
Futbolda belə bir şey yoxdur ki, bəstəboy oyunçular qol vurmayacaq. Bu, futboldur. Futbolda belə şeylər olur. İstənilən oyunçu qol vura bilər.
Komandada lider olması çox önəmlidir və inanıram ki, bizdə də belə bir lider olacaq, oyunçulara nümunə olaraq onları öz arxasınca aparacaq.
Futbolçuların əvəzedici heyətə göndərilməsi mən və məşqçilər heyətinin qərarıdır. Bu, daha çox oyunçuların keyfiyyəti ilə bağlıdır. Mənə görə, futbolda eyni zamanda, işə yanaşma da çox önəmlidir. Bu sadəcə bəzən oyunçuları kökləməklə bağlı deyil. Düzdür, bizdən aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda çətinlik çəkirik. Amma mən bunu köklənməklə əlaqələndirməzdim”.