AZ

Ayxan Abbasov: "Bu 3 xal bəlkə də Premyer Liqada qalmağımıza çox böyük dəstək olacaq"

"Komandamı, rəhbərliyi və azarkeşləri təbrik edirəm. Həqiqətən bizim üçün önəmli qələbə idi".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı" baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Sabah"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis hər xalın qızıla bərabər olduğunu bildirib: "Sevindirici hal odur ki, xal qazanmağı davamlı edə bilirik. Buna ehtiyacımız var idi. Çünki stabillik çatmırdı. Bunun səbəbləri bəllidir. Yeni komandayıq, bəzi səbəblər oldu. Bu gün taktiki baxımdan rəqibə üstünlük vermədik. Oyun orta xətdə gedirdi. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissədə tempin yüksək olmaması normal idi. Bu 3 xal bəlkə də Premyer Liqada qalmağımıza çox böyük dəstək olacaq".

Bölgə təmsilçisinin baş məşqçisi oyunçularının tempi aşağı salması ilə bağlı rəqibin səsləndirdiyi fikirlə razılaşmadığını vurğulayıb: "Mənim yanaşmam başqadır. Heç vaxt bu şeylərə fikir vermirəm. Biz məğlub olanda da belə hallar olub. "Turan Tovuz"la matçda 82-ci dəqiqədən 90+4-cü dəqiqəyə kimi oyun olmadı. Normaldır. Rəqib qələbə qazanmaq istəyir. Gedib deyim ki, oynayın? Vasili Berezutskinin dediklərində həqiqət var. Normal qarşılayıram".

Ayxan Abbasov yeganə qolun müəllifi Edqar Adilxanovla bağlı da fikirlərini açıqlayıb: "Məncə, onun milliyə getməsi hələ tezdir. Gəlin, tələsməyək. Bir çox futbolçular olub ki, parlayıb tez bir zamanda sönüblər. Edqarın böyük potensialı var. Amma hələ ilk addımlarını atır. Belə oynamağa davam etsə, milli komandaya namizəd ola bilər. Gənc futbolçu millidə formanı qazanandan sonra heç kimə verməməlidir. Elvin Cəfərquliyevi, Toral Bayramovu nümunə gətirə bilərəm. Bu gün Edqar milliyə hazır deyil. İnanıram ki, belə davam etsə, hazır olacaq".

O, komandası üçün yeni transferlə bağlı sualı da cavablandırıb. Bildirib ki, bir futbolçu transfer etmək istəyirik. Dünən gecə Azərbaycana gəlib. Tibbi müayinədən keçəndən sonra müqavilə imzalayacaq. Belajdi Pusi gedəndən sonra bu istiqamətdə işimizi davam etdirirdik. Komandamıza uyğun hücumçudur. Ona inanırıq".

İdman.biz

Seçilən
9
7
idman.biz

8Mənbələr