İran Rusiya və Çinlə birgə hərbi dəniz təlimlərinin tarixini açıqlayıb - onlar çərşənbə axşamı, martın 11-də İranın Çabahar limanı ərazisində başlayacaq və Hind okeanının şimal hissəsində keçiriləcək.
İran Hərbi Dəniz Qüvvələrinin təşkil etdiyi təlimlər Hind okeanının şimalında, İranın cənub-şərqindəki Çabahar liman şəhəri sahillərində keçiriləcək: təlimlərə üç ölkənin - Rusiya, Çin və İranın Hərbi Dəniz Qüvvələrinin, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi gəmiləri və yardımçı gəmiləri cəlb olunacaq.
İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, dəniz hərbi manevrləri regional təhlükəsizliyin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlığın təşviqi məqsədi daşıyır və üç ölkənin donanmasının dünya sülhünü qorumaq, dənizdə təhlükəsizliyi təmin etmək və ortaq gələcəyi olan dəniz icması yaratmaq imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub.
Dəniz döyüş manevrlərində müşahidəçi ölkələr - Azərbaycan, Qazaxıstan, Qətər, İraq, BƏƏ, Oman, Pakistan, Şri-Lanka və Cənubi Afrika da iştirak edəcək.