İngiltərə Premyer Liqasının 28-ci turunun “Sauthempton”la ev oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün düşərli olub.
Arena.az məlumat verir ki, misirli futbolçu bu oyunda “qırmızılar”ın 3:1 hesablı əzmkar qələbəsində penaltidən vurduğu iki qolla töhfəsini verib.
Beləliklə, Salah İngiltərə Premyer Liqasında vurduğu qolların sayını 184-ə çatdırıb və yarışın ən sərrast qolçularının beşliyinə daxil olub. Düzdür, o, 5-ci pillədə “Mançester Siti”nin argentinalı keçmiş mərkəz hücumçusu Serxio Aqueo ilə şəriklidir. Amma misirli ulduzun cari mövsümdə ilk dördlüyə düşə biləcəyinin də zaman məsələsi olduğu qolçular siyahısından aydındır.
İlk beşliyi təqdim edirik:
- Alan Şirer – 260 qol;
- Harri Keyn – 213 qol;
- Ueyn Runi – 208 qol;
- Endi Koul – 187 qol;
- Məhəmməd Salah – 184 qol;
- Serxio Aquro – 184 qol.
Təxmin etmək olar ki, ikicə mövsüm müvafiq yüksək məhsuldarlıqla çıxış edə bilsə, Salah ingilis keçmiş hücumçu Alan Şireri də İngiltərə Premyer Liqasının qolçuluq taxtından sala bilər.
Vurğulayaq ki, siyahıda yer almış mərkəz hücumçularından fərqli olaraq, Salah cinah hücumçusudur.
Məhəməmd öz uğurunu belə şərh edib:
“Mən rerkord haqda bilirdim, amma bu haqda oyun zamanı düşünmürdüm. Amma mən müvafiq rekorddan xəbərdaram. Bu, yaxşı rekorddur – onunla (Serxio Aquero) bərabərləşmək. Serxio – böyük oyunçudur, o, bu liqanın əfsanəsi olub. Odur ki, mən buna və qələbəyə şadam”, deyə misirli ulduz hücumçu fərəhlə vurğulayıb.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 32 qol vurub, 22 məhsuldar ötürmə verib.
Salah İngiltərə Premyer Liqasının cari mövsümünün 25 qolla ən sərrast qolçusudur. Misirli ulduzun hesabında həmçinin 17 məhsular ötürmə var və Salah bu göstəricidə də Premyer Liqanın cari mövsümünün ən öncül futbolçusudur. Salah həmçinin qol və məhsular ötürmələrin cəmi (25+17) üzrə 42 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 390 oyun, 243 qol, 110 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.