"Səbail" Misli Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacibdir. Qırmızı vərəqə almağımız oyuna çox təsir etdi. Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və xallarımızın sayını artıraq.
- Demək olar ki, Premyer Liqada qalmaq uğrunda mübarizə "Səbail" və "Sumqayıt" arasında gedəcək? Çünki hər iki komanda qalib gələ bilmir...
- Bu haqda danışmaq hələ tezdir. Düzdür, "Şamaxı" qalib gəlib. Sabah "Kəpəz" "Sumqayıt"la oynayacaq. Əsas rəqibimiz elə özümüzük. Bir qələbə lazımdır ki, komandanın inamını özünə qaytarsın və ardını gətirək. Futbol oynaya bilirik. Sadəcə bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmağa çalışacağıq.
- Oyunun favoriti "Zirə" idi. Amma 90+6-cı dəqiqədə qol buraxmaq başqa cür təsir edir?
- Əlbəttə. 70-ci dəqiqədən sonra "Zirə" kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. İstənilən halda hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşdırıblar. 90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir.
- Qırmızı vərəqə epizodu haqda nə deyəcəksiz?
- Sözün açığı epizoda baxmadım. Görməmişəm. Alluş bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək. Komandanı belə vəziyyətdə qoymaq olmaz.
- Qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaqsız...
- "Neftçi" yaxşı komandadır. Bizim üçün artıq rəqibin adı önəmli deyil. Əsas xallar lazımdır.
- Üçüncü dövrəyə yaxşı başlamışdınız. Sonra nə baş verdi?
- Bu, normaldır, gözləyirdik. Zədəli futbolçularımız çoxdur. Bəzi oyunlarda müəyyən gənclərə də üstünlük verdik. Heyətimiz geniş deyil. Üçüncü dövrədə qələbələr qazansaq belə, sonrası məlum idi ki, daha çətin olacaq.
- Az transfer etdiniz. Rəhbərlik pul ayırmadı, yoxsa siz bəyənmədiz oyunçuları?
- Bu suala indi cavab vermək istəmirəm. Çox istəyərdik ki, daha 2 futbolçu gətirək. Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı.
Mirbağırağa
saytlarin hazirlanmasi