AZ

"BP" yanacaqdoldurma məntəqələrini satmağa məcbur edilir

ABŞ-nin "Elliott Management" hedc fondu neft nəhəngi "BP"nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə aqressiv kampaniyaya başlayaraq, şirkətin yanacaqdoldurma məntəqələrini satmasını tələb edir.  

Valyuta.Az "Daily Mail"ə istinadən xəbər verir ki, öz sərt mövqeyi ilə tanınan "Elliott", "BP"nin baş icraçı direktoru Marri Akinklossun cəmi iki həftə əvvəl təqdim etdiyi strategiyadan narazıdır.

Fond hesab edir ki, "BP"nin "yaşıl enerji" layihələrindən uzaqlaşması və neft-qaz sektoruna əlavə 10 mlrd. funt sterlinq investisiya qoyması kifayət qədər irəli gedən addım deyil.

Analitiklərin hesablamalarına görə, "BP"nin 1 200-dən çox yanacaqdoldurma məntəqəsini satması şirkətə 31 mlrd. funt sterlinq gəlir gətirə bilər. Bu vəsait borcların azaldılmasına yönəldilə bilər.  

Mümkün alıcılar sırasında "EG Group" və "Motor Fuel Group" var.  

"BP"də 3,5 mlrd. funt sterlinq dəyərində paya sahib olan "Elliott", şirkət sədrinin – Helge Lundun vəzifədən uzaqlaşdırılması və iri bölmələrin parçalanmasını da əhatə edən strategiya hazırlayır.

Şirkət adətən sərt tənqidlər və geniş dəyişikliklər tələb edən açıq məktubla çıxış edir. Hələlik belə bir məktub göndərilməsə də, investorlar onun "BP"nin aprelin ortalarında keçiriləcək illik toplantısından əvvəl gələcəyini gözləyirlər.  

"BP"yə yaxın bir mənbə bildirib: "Mən əvvəllər də aktivist investorlarla qarşılaşmışam, lakin 'Elliott' tamamilə başqa səviyyədədir". Müşahidəçilər hesab edirlər ki, yeddi ildir vəzifədə olan Lund toplantıda ilk hədəflərdən biri olacaq. O, əvvəlcə Akinklossun, daha sonra isə sələfi Bernard Luninin dəstəklədiyi "yaşıl enerji" planlarını müdafiə edib.  

Sədrin vəzifədən kənarlaşdırılması üçün 20 %-dən çox səs kifayət edə bilər.  

Şirkət rəhbərliyi üçün müsbət məqam "BP"nin "Castrol" markasını 8 mlrd. funt sterlinqə qədər qiymətə satmaq planıdır.  

Böyük maliyyə imkanlarına sahib "Saudi Aramco" yağlama məhsulları biznesinin əsas alıcısı kimi önə çıxıb və potensial digər rəqibləri geridə qoya bilər.  

Rəhim

Seçilən
17
valyuta.az

1Mənbələr