AZ

“Səhnəarxası: hesabat, müzakirə və yeni imkanlar” adlı tədbir keçirilib

Mədəniyyət Nazirliyi sistemindəki qurumların fəaliyyətinə həsr olunan "Səhnəarxası: hesabat, müzakirə və yeni imkanlar" adlı tədbir keçirilib

Martın 7-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemindəki qurumların fəaliyyətinə həsr olunan "Səhnəarxası: hesabat, müzakirə və yeni imkanlar" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb, dövlətin mədəniyyət siyasətinin əsas hədəflərini diqqətə çatdırıb. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafını daim diqqətdə saxladıqlarını, bu sahəyə yüksək qayğı göstərdiklərini bildirən nazir deyib ki, Mədəniyyət Nazirliyi sistemindəki müəssisələr öz fəaliyyətini qarşıya qoyulan vəzifələrə uyğun şəkildə qurmalıdır.

Toplantının məqsədi müəssisələrin fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsi, işçilərdə komanda ruhunun möhkəmləndirilməsi, kollektiv əməkdaşlığı və birgə iş bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Bu yığıncaq eyni zamanda müəssisədaxili dəyərlərin və korporativ mədəniyyətin daha da möhkəmləndirilməsi, iştirakçıların təcrübə və bilik səviyyəsinin artırılması, eləcə də mədəniyyət sahəsinin inkişafına töhfə verəcək yeni təşəbbüslərin ortaya çıxmasını hədəfləyir. 

Nazir çıxışının sonunda tədbirin işinə uğurlar arzulayıb.

Sonra tədbir panellərlə davam edib.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun moderatorluğu gerçəkləşən I panel "Pərdənin arxasında: teatrların mövcud vəziyyəti, görülən işlər və gələcəyə baxış" mövzusuna həsr olunub.   

Paneldə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Mirbala Səlimlinin hesabat xarakterli çıxışları dinlənilib.

Nazirliyin Muzey və daşınar mədəni irs sektorunun müdiri Könül Cəfərovanın moderatoru olduğu "Eksponatların arxasında: muzey və dövlət qoruqlarında mədəni irsin qorunması, cari islahatlar, və gələcəyə baxış" adlı II paneldə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış ediblər.

"Səslərin arxasında: konsert sənayesinin bu günü, nailiyyətlər və yeni perspektivlər" adlı III panel nazirin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşib. Paneldə Heydər Əliyev Sarayının direktoru İlham Qasımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov çıxış ediblər.

Toplantının sonuncu - IV paneli "Sətirlərin arxasında: kitabxanaların inkişaf dinamikası, əldə edilən nəticələr və yeni dövrün çağırışları" mövzusuna həsr olunub. Nazirliyin Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədovun moderator olduğu paneldə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Lamiyə Əliyeva və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Günay Həsənova müəssisələrin fəaliyyəti ilə bağlı faktları diqqətə çatdırıblar.

Hər bir panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda iştirakçılar təqdim olunan hesabatlar əsasında hazırlanan viktorinada sualları onlayn şəkildə cavablandırıblar. Qaliblərə hədiyyələr təqdim olunub.

Tədbirdə həmçinin nazir Adil Kərimli tərəfindən "Yüksəliş" müsabiqəsinin qalibinə xasiyyətnamə təqdim edilib.

Dövlət başçısının müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib. 

Eyni zamanda nazirliyin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.

Tədbirdə yekun nitq söyləyən Adil Kərimli Azərbaycan mədəniyyətinin üfüqlərinin çox geniş olduğunu deyib. Bildirib ki, bu sahənin təmsilçilərinin yorulmaz fəaliyyəti sayəsində mədəniyyətimizin sorağı bütün dünyanı dolaşır. Mədəniyyətin inkişafında komanda ruhu da böyük əhəmiyyət kəsb edir. 

Qeyd olunub ki, nazirlik sistemində çalışan əməkdaşlar arasında xanımlar çoxluq təşkil edir. Xanımlar öz əməyi, qayğıkeşliyi, milli-mənəvi dəyərlərin daşıyıcısı olmaları ilə çox qiymətlidirlər.

Nazir mədəniyyət sahəsində çalışan bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, cansağlığı, ailə səadəti və firavanlıq arzulayıb.

Sonda musiqi nömrələri təqdim olunub.

Seçilən
20
3
olay.az

4Mənbələr