Fələstinin HƏMAS hərəkatı İsrail hakimiyyətinin Qəzza anklavına elektrik enerjisinin verilişini kəsmək qərarını atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb.
“İki sahil” xəbər verir ki, bu açıqlama ilə radikalların nümayəndəsi İzzət ər-Rişk çıxış edib.
“İsrailin son hərəkətləri bütün imzalanmış müqavilələrin və beynəlxalq hüququn kobud şəkildə pozulmasını təşkil edir və bir daha sübut edir ki, qarşı tərəf razılaşmaların bir hissəsini yerinə yetirmir”, - HƏMAS-ın rəsmi Teleqram kanalında əl-Rişq adından dərc edilən mesajda bildirilir.
Onun fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı müqavilənin icrasını təxirə salmağa və bütün tərəflərə yalnız öz maraqlarına cavab verən yeni plan tətbiq etməyə çalışır.
Xatırladaq ki, bazar günü səhər saatlarında İsrailin “Kan” dövlət televiziyası, yəhudi dövlətinin energetika naziri Eli Koenin Qəzza zolağına elektrik enerjisinin verilməsini dayandırmaq əmri verdiyini bildirib. “Kan” qeyd edib ki, İsrail anklavın mərkəzi hissəsində duzsuzlaşdırma qurğusunu işlətmək üçün Qəzzaya elektrik enerjisi verib, lakin Qəzzada elektrik enerjisinin əsas hissəsi generatorlar tərəfindən istehsal olunur, yanacaq bir həftədir Qəzza zolağına çatdırılmır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”