AZ

Qazaxstan təhsil menecerlərinin bizim menecerlərdən fərqi - İlham Əhmədov

Bu yaxında Qazaxstan Respublikası ETN nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Qazaxstan son 30 ildə bir çox sahələrdə, o cümlədən elm, təhsil və innovasiyalar sahəsində xeyli inkişaf etmişdir. Düşünürük ki, belə əlaqələr ölkəmizdə elm və təhsilin inkişafına müəyyən təkan verə bilər, əgər bu imkandan düzgün faydalana bilsək. Dünya “gör-götür dünyasıdır”, baxana, ibrət alana, çalışana. Biz belə əlaqələrdən faydalanaraq, irəlidə olan ölkələrdən öyrənməli, təcrübələrini ölkəmizdə tətbiq etməliyik.
Təhsil olmasa elm, elm olmasa da innovasiya olmaz. Məlumdur ki, təhsildə əsas sima müəllimdir. Müəllimin fəaliyyəti keyfiyyətli olarsa, təhsil də, elm də, innovasiya da yaranar. Qazaxstanlı həmkarlarımız bunu daha yaxşı bilirlər. Onlar həm də bilirlər ki, müəllimin keyfiyyətli peşə fəaliyyəti, onun keyfiyyətli yaşamından, peşəkar inkişafından çox asılıdır.
Bu səbəblərdən Qazaxıstanda müəllim yüksək statusa malikdir. Qazaxıstan Respublikasında 2019-cu ildə "Müəllimin statusu haqqında" qanun qəbul edilib. Bu qanun müəllimlərin hüquqi vəziyyətinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin təmin edilməsi və peşə fəaliyyətlərinin stimullaşdırılması məqsədini daşıyır. Bizdə də belə qanunun qəbul edilməsi milli inkişaf baxımından faydalı olardı.
Qazaxstanın elm və təhsili ilə tanışlıq göstərir ki, onlar bu sahədə zəngin hüquqi-normativ baza yaratmış, proseslərin mütəmadi olaraq monitorinqini aparırlar. Qazaxların elm-təhsil sahəsində uğurlarının digər səbəbi onların elm- təhsil menecerlərinin öz fəaliyyətlərinə tənqidi yanaşmaları, ictimai nəzarətə və ictimai müzakirələrə açıq olmasıdır. Bizdə ölkə rəhbərliyi illər ərzində ictimai nəzarəti gücləndirməyi tələb etsə də, ETN menecerləri bu tələbin icrasını heç vaxt təmin etməyiblər. Əksinə, buna cəhd edən ekspertlərə də imkan vermirlər.
Qazaxstanın elm- təhsil sistemi ilə tanış olduqda, belə bir hesabata rast gəldik: “Qazaxstanın elm, təhsil və innovasiya (ETİ) sahələrində buraxılan səhvlərin təhlili”. Bizim elm-təhsil menecerləri öz peşə fəaliyyətində illər ərzində çoxsaylı səhvlər etsələr də, heç vaxt öz fəaliyyətlərinin təhlili, monitorinqi, səhvlərin aşkarlanması və korreksiyası haqqında düşünməmişlər.
Təbii ki, belə primitiv yanaşma ilə elm-təhsil kimi mürəkkəb sahələri idarəetmək çətindir. Ona görə də bu illər ərzində elm-təhsil menecerlərimizin səhvləri daim artır. Onlar səhvlərinə qarşı biganəlik və məsuliyyətsizlik nümayiş etdirir, mətbuatda verilən siqnalları diqqətə almır, problemləri müzakirə etmək əvəzinə susqunluğa üstünlük verirlər. Bu səhvləri göstərənlərə də minnətdarlıq əvəzinə, çox vaxt əks reaksiya verirlər.
Qazaxstanlı menecerlərinin hazırladığı “Qazaxstanın elm, təhsil və innovasiya (ETİ) sahələrində buraxılan səhvlərin təhlili” adlı 40 səhifəlik hesabatda, mövcud səhvlər və çatışmazlırıar aşağıdakı kmi qruplaşdırıb:
1. ETİ sahəsində maliyyələşdirmənin yetərsizliyi. Elmi tədqiqatlara və inkişaf layihələrinə qoyulan investisiyaların həcmi azdır, bu da fundamental və tətbiqi tədqiqatların aparılmasını məhdudlaşdırır.
2. Elm və sənaye arasında zəif inteqrasiya. Elmi qurumlar və sənaye müəssisələri arasında effektiv əməkdaşlığın olmaması elmi nailiyyətlərin kommersiyalaşmasının və innovasiyaların istehsalata tətbiqinin aşağı səviyyədə qalmasına səbəb olur.
3. Şirkətlərin innovativ fəaliyyət səviyyəsinin aşağı olması. Bir çox qazaxstan şirkətləri innovasiyaların tətbiqinə maraq göstərmir, bu da texnoloji inkişafı və beynəlxalq bazarda rəqabət qabiliyyətini məhdudlaşdırır.
4. ETİ sahəsində kadr potensialının məhdudluğu. Elm, texnologiya və innovasiya sahəsində yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı qabaqcıl texnologiyaların inkişafı və tətbiqini çətinləşdirir.
5. İnnovativ sahibkarlığa dövlət dəstəyinin yetərsizliyi. Mövcud innovativ layihə və startap dəstəkləmə mexanizmləri hər zaman effektiv olmur, bu da yüksək texnologiyalar sahəsində sahibkarlıq fəaliyyətinin inkişafını məhdudlaşdırır.
6. İnnovasiyaların inkişafı üçün zəif infrastruktur. Texnoparkların, inkubatorların və digər infrastruktur obyektlərinin az olması innovativ layihələrin inkişafı və dəstəklənməsi imkanlarını məhdudlaşdırır.
Qeyd edilən çatışmazlıqları aradan qaldırmaq üçün təqdim edilən sənəddə bu addımların atılması tövsiyyə olunur:
• Elmi tədqiqatların maliyyələşdirilməsinin gücləndirilməsi.
• Elm və sənaye arasında əməkdaşlığın inkişaf etdirilməsi.
• Kadr potensialının artırılması.
• İnnovativ sahibkarlıq üçün əlverişli şəraitin yaradılması.
Göründüyü kimi, ETİ bu sahəsində Qazaxstanın problemləri bizim problemlərimizə yaxındır. Bu problemlər keçid dövrünü yaşayan ölkələrin ümumi xarakterli çətinlikləri ilə əlaqədardır. Lakin Qazaxstanlı elm-təhsil menecerləri problemlərin üstünə gedir və mərhələlərlə onların həllinə nail olurlar. Bizim elm-təhsil menecerləri isə problemləri görmək istəmir, onları ört basdır etməyə cəhd edirlər. Ona görə də bizdə bu istiqamətlərdə inkişaf yoxdur.
Qazaxstanla bizim real inkişaf səviyyələrimiz fərqli olduğu üçün problemlərin ağırlığı da müxtəlifdir. Onlarda elm-təhsil- innovasiya üçbuçağının maliyyələşməsi bizdən dəfələrlə yüksək səviyyədədir, amma dünyadakı müasir inkişaf səviyyəsinə, yüksək rəqabət tələblərinə hələ də uyğun deyil.
Bunlara baxmayaraq Qazaxıstan öz qarşısında ambisiyalı məqsədlər qoyb: "Qazaxıstan-2050" Strategiyası çərçivəsində bu ölkə 2050-ci ilə qədər dünyanın ən inkişaf etmiş 30 ölkəsindən birinə çevrilməyi hədəfləyir (2010-cu ildə onlar bu hədəfə 2030-cu ildə çatmağı planlayırdılar, lakin sonralar strategiyada korreksiyalar etdilər).
"Qazaxıstan-2050" strategiyasının əsas məqsədləri belə müəyyən edilib: güclü iqtisadiyyat və rəqabətqabiliyyətlilik, inkişaf etmiş sənaye və innovasiyalar, təhsil və elmi araşdırmaların gücləndirilməsi, yaşıl iqtisadiyyat və ekoloji davamlılıq, rəqəmsallaşma və texnoloji modernləşmə, güclü dövlət idarəçiliyi və hüquqi islahatlar, müasir sosial siyasət və vətəndaş rifahının artırılması. Ölkədə qəbul edilmiş “Rəqəmsal Qazaxıstan – 2025” proqramı isə rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi, 5G infrastrukturu, rəqəmsal hökumət xidmətləri və İT sektorunun inkişafı hədəfləyib.
Bütün bu məqsədlərə çatmaq üçün təbii ki, ölkədə elm-təhsil-innovasiya sisteminin inkişafı zəruridir. Ölkənin təhsil sistemi, xüsusən də universitetləri bu hədəfə doğru əzmlə irəliləyirlər. Bir sözlə Qazaxıstan 2050-ci ilə qədər iqtisadiyyatı gücləndirmək, texnoloji yeniliklərə sərmayə yatırmaq və cəmiyyətin rifahını artırmaqla dünyanın inkişaf etmiş 30 ölkəsindən birinə çevrilməyi planlaşdırır. İnşaallah. TDT üzvü kimi biz onların bu uğurlarına sevinərik.
Təbii ki, bu hədəflərə çatmaq üçün ölkənin ayrı-ayrı sahələrinin inkişafına məsul olan menecerlər diqqətlə seçilir, fəaliyyətləri sistematik monitorinq edilir və səmərəli əlaqələndirilir. Məsələn, Qazaxıstanın ETN –nazir Siyasət Nurbek 8 dil bilir, bir neçə transmilli korporasiyalarda, o cümlədən ABŞ-da məsul vəzifələrdə işləmiş, yüksək savada malik menecerdir. Komandası da elm və təhsil sahəsində səriştəli menecerlərdən ibarətdir. Təbii ki, uğurlu menecer seçimi və peşəkar komanda Qazaxıstanın ETN-nin fəaliyyətində özünü aydın göstərir.
Qazaxstan universitetlərinin büdcələri bizim universitetlərin büdcələrindən dəfələrlə çoxdur. Bizim ETN-dən fərqli olaraq Qazaxstan ETN hər il universitetlərə elm-təhsil problemlərinin həllinə yönəli minlərlə qrant ayırır. Əksər universitetlər özləri də daxili qrant müsabiqələri təşkil edirlər. Bu ölkədə real fəaliyyət göstərən, universitetlərin büdcəsinə xeyli əlavə maliyyə vəsaiti gətirən onlarla texnoparklar vardır.
Bizim ETN isə universitetlərə hələ də qrant vermir, əksinə onlardan özünün yaratdığı fonda (TİF) maliyyə tələb edir, onları PHŞ elan edərək büdcə dəstəyindən məhrum edir. ETN təsadüfi adamlara verdiyi qrantların böyük qisminin isə elm və təhsilə heç bir aidiyyatı yoxdur.
Qazaxıstanda həm də xeyli tədqiqat universitetləri (TU) yaradılmış və uğurla fəaliyyət göstərirlər: “Nazarbayev Universiteti" (2010-cu ildə yaradılmış, müasir tədqiqat universitetidir), "Qazaxıstan-Britaniya Texniki Universiteti" (Texniki tədqiqatlar sahəsində ixtisaslaşmış universitetdir), “Al-Farabi adına Qazaxıstan Milli Universiteti" (ölkənin ən qədim və nüfuzlu tədqiqat universitetlərindəndir) v.s. Bu yaxında Bakıda keçirilən təhsil sərgisində Qazaxıstanın 20-dən çox universiteti iştirak etmişdi.
Biz isə 2017-ci ildə tədqiqat universitetlərinin yaradılması haqqında meyarları müəyyən etsək də, hələ heç bir universitetimiz TU ola bilməyib. Belə getsə, yəqin ki, hələ yaxın 5-10 ildə olmayacaq da.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
15
1
Demokratikmusavat.com

2Mənbələr