AZ

“Microsoft” Cənubi Afrikada süni intellekt sahəsinə 298 milyon dollar sərmayə qoyur

Qahirə, 10 mart, AZƏRTAC

Texnologiya nəhəngi “Microsoft” Cənubi Afrikada süni intellekt və data mərkəzi infrastrukturu sahəsinə 298 milyon dollar sərmayə qoyacaq.

AZƏRTAC “The Peninsula” nəşrinə istinadla xəbər verir ki, şirkət 2026-cı ilə qədər bir milyon cənubi afrikalıya süni intellekt və kibertəhlükəsizlik üzrə təlim imkanları təqdim edəcəyini elan edib.

Şirkətin vitse-prezidenti Brad Smith Yohannesburq Yohannesburqda konfransda bildirib ki, bu, ölkədəki data mərkəzlərinə indiyə qədər qoyulmuş bir milyard dollarlıq sərmayəyə əlavə olunacaq.

O əlavə edib ki, şirkət 50 min nəfərin bulud memarlığı, süni intellekt və kibertəhlükəsizlik sahələrində əlavə kurslar keçməsi və sertifikat imtahanlarında iştirak etməsi üçün maliyyə ayıracaq.

Cənubi Afrika Prezidenti Siril Ramafosa həmin konfransda çıxışında bildirib ki, bu sərmayə “həlledici bir vaxtda” - ölkənin noyabr ayında G20 sammitinə ev sahibliyi etməyə hazırlaşdığı bir dövrə təsadüf edir. "Bu bizim üçün çox mühüm hadisədir, belə böyük məbləğdə bir sərmayənin qoyulması bizim üçün əlamətdar bir məqamdır," - deyə Ramafosa qeyd edib.

Bu sərmayə ABŞ Prezidenti Donald Trampın Cənubi Afrika Respublikasının (CAR) hakimiyyətini torpaqların müsadirə edilməsində və insan hüquqlarının kobud şəkildə pozulmasında günahlandıraraq ölkəyə bütün maliyyə yardımının dayandırıldığını bəyan etdiyi bir zamana təsadüf edir.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
34
1
azertag.az

2Mənbələr