ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya, İran və Çin donanmalarının iştirak etdiyi "Dəniz Təhlükəsizlik Kəməri 2025" təlimlərindən heç də narahat olmadığını bildirib.
"Operativ Media" xəbər verir ki, Amerika lideri bunu ABŞ-nin “hamısından güclü olması” ilə izah edib.
Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlər ondan bu birgə manevrlərdən narahat olub-olmadığını soruşublar. “Xeyr, qətiyyən yox” deyə dövlət başçısı cavab verib.
Cavabını izah etməsini istəyəndə o, "Çünki biz onların hamısından güclüyük. Bizim onların hamısından daha çox gücümüz var. Mən Amerika ordusunu yenidən qurdum. Təəssüf ki, ABŞ-nin 46-cı prezidenti Co Bayden bu barədə heç nə etmədi, amma mən ordunu yenidən qurdum" deyə cavab verib.
İran tərəfinin təşkil etdiyi “Dəniz təhlükəsizlik kəməri - 2025” beynəlxalq dəniz təlimləri artıq yeddinci dəfədir keçirilir. Onlar ilk dəfə 2018-ci ildə baş verib. Təlimlərdə mütəmadi olaraq Rusiya, İran və Çin donanmasının gəmiləri iştirak edir. 2025-ci ildə təxminən 15 gəmi, yardımçı gəmilər və döyüş katerləri, eləcə də dəniz aviasiyası helikopterləri cəlb olunacaq. Təlimlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək, dənizdə piratçılıq və terrorizmlə mübarizə, dəniz kommunikasiyalarını qorumaqdır.