Təbliğatla insanlarda yanlış təsəvvür yaratmaq tamamilə mümkündür.
Məsələn, Azərbaycanda yerlipərəstliyin, qohumbazlığın, rüşvətin altmışıncı illərin sonundan yayılmağa başlaması haqda yanlış təsəvvür formalaşdırılıb.
Amma bu belə deyil.
Əmin olmaq üçün sizə üç filmi xatırlamağı məsləhət görərdim.
"Bəxtiyar" filmi 1955-ci ildə çəkilib. Stalin öldükdən və Bağırov məhkum olunduqdan sonra. O zaman SSRİ-nin rəhbəri Nikita Xruşov, Azərbaycanın rəhbəri İmam Mustafayev idi.
Filmdə nə tənqid olunur? Əsasən qohumbazlıq. Mədəniyyət evinin direktoru Ağabalanın bütün işçiləri onun yaxın qohumlarıdır. O eyni zamanda möhtəkirdir və istedadlı bir neftçidən istifadə edərək, ciblərini doldurur. Tanış mənzərədir, eləmi? Heç də dəyişməmişik...
Siyasi sistem, rəhbərlər dəyişsə də, vəziyyət olduğu kimi qalır, elə deyilmi? Sizcə, günah kimdədir?..
"Ölsəm, bağışla" filmi 1989-cu ildə çəkilsə də, 40-cı illərin müharibədən sonrakı Bakısının həyatından bəhs edir. Elə bir dövrdən ki, Stalinin və Bağırovun qılınclarının dalı da kəsir, qabağı da.
Çoxları o dövrdə rüşvət olmadığını, Bağırovun rüşvətxorları yerindəcə güllələdiyini düşünsə də, filmdən açıq-aşkar dövlət məmurunun çamadanlarla pulu olduğunu, hətta evində fahişə, gənc rəqqasə saxladığını görürük.
"Bizim Cəbiş müəllim" filminə də hamı baxıb və oradakı alverçi Əbülfəzi görüb. Əgər o dövrdə rüşvət yox idisə, Əbülfəz o qədər saxta sənədi necə düzəltmiş və müharibədən necə yayınmışdı?
Bir misal da öz babam haqqında. Babam kasıb bir çodar olduğu halda 1937-ci ildə onu "qolçomaq" və "iranlı" adıyla Qazaxıstana sürgün ediblər. O, sürgünə öz ailəsi ilə birlikdə rüşvət verən varlı bir adamın yerinə göndərilib.
O vaxt babam yeni evlənibmiş və atam qundaq körpəsi olub. Ailə babamdan, onun yaşlı anasından, gənc bacısından, çox gənc arvadından və körpə oğlundan ibarət olub. Babam, anası və bacısı bir neçə il sonra Qazaxıstanda yatalaq xəstəliyindən ölüblər...
Nadir Qocabəyli
Demokratikmusavat.com