AZ

“Araz-Naxçıvan” klubunun rəsmisi: “Felipe Santos “Qarabağ”la oyundan sonra ciddi şəkildə tənbeh olunub”

Felipe Santos “Qarabağ”la oyundan sonra ciddi şəkildə tənbeh olunub.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov Misli Premyer Liqasının XXVI turunda “Qarabağ”la matçda (1:3) Felipe Santosun qırmızı vərəqə ilə meydandan qovulmasına münasibət bildirərkən deyib.

Klub rəsmisi futbolçuya klub tərəfindən cəza verilə biləcəyini söyləyib:

“Felipe Santos oyundan sonra çox ciddi şəkildə tənbeh olunub. Yol verdiyi hərəkətlə bağlı ona xəbərdarlıq edilib. Klubun daxili intizam kodeksi var və çox güman, buna uyğun cəza veriləcək. Təbii ki, ona AFFA tərəfindən ağır cəza verilsə, ola bilər ki, bununla razılaşmayaq və apellyasiya şikayəti verək. Bu, təbii prosesdir və hər klubun haqqıdır”.

E.Yusubov futbolçunun hərəkətlərinə haqq qazandırmadıqlarını vurğulayıb:

“Bu, oyunun gərginliyindən irəli gələn bir şeydir. Felipeyə əvvəlcədən xəbərdarlıq edilmişdi. Çünki sarı vərəqə limitini doldurmağa yaxın idi. Düzdür, futbolçumuzun hərəkətinə haqq qazandırmırıq. Amma baş verən hadisələrdə təkcə o deyil, digər futbolçular da iştirak edirdi. Təbii ki, hakim qərarları müzakirə olunmur. Amma təkcə Felipe Santosun ağır cəzalandırılması bir qədər müzakirəyə açıq mövzudur. AFFA İntizam Komitəsinin qərarını gözləyirik. Ümid edirik ki, həmişə olduğu kimi məsələ ciddi şəkildə araşdırılacaq və ən ədalətli, düzgün qərar veriləcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos “Qarabağ”la görüşün 82-ci dəqiqəsində rəqib futbolçunu vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulub.

Seçilən
27
38
report.az

10Mənbələr