“Şamaxı” Azərbaycan Premyer Liqasının XXVI turunda “Sabah”ı məğlub edib – 1:0.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qələbə sayəsində autsayder “Səbail”lə xal fərqini 9-a yüksəltdi. Bu, “şirlərin” böyük ölçüdə elitada qalmasının təminatıdır. Qarşıdakı 10 turda bu fərqin qapanması çətin görünür. Sonuncu “Səbail”in çıxışını bunu deməyə imkan verir.
“Sabah” isə qeyri-stabil çıxışını davam etdirir. Ötən turda “Araz-Naxçıvan”la yaxşı mübarizə aparan, istəkli görünən “bayquşlar” bu dəfə sanki məğlubiyyətlə barışmış halda idi. “Şamaxı”nın qolundan sonra belə hücum qurmaqda çətinlik çəkən kollektiv sonda meydanı xalsız tərk etdi. “Sabah” bu mövsüm ikinci dəfə bu arenada əliboş qayıtmalı oldu.
Ayxan Abbasov “Sabah”ı yaxşı “oxumuş”du. Cinahları bağlayan və sıx müdafiə olunan “şirlər” sürətli əks-hücumlarla bir neçə dəfə də təhlükəli epizodlar yarada bildi. “Sabah” gözləntilərin altında performans sərgilədi. Üçüncü pillədəki “Araz-Naxçıvan”ın xal itirdiyi turu xalsız başa vuran “bayquşlar”ın elita yolu ilə avrokuboklara getməsi çətin görünür.
Şahin Cəfərov