Zərif Ermənistan prezidentinin Azərbaycan Prezidentinə mesajı haqda xatirələrini söyləyib.
“Fararu” saytı xəbər verir ki, İranın sabiq vitse-prezidenti və siyasi fəal Məhəmməd Cavad Zərif İkinci Qarabağ Müharibəsi zamanı İranın xarici işlər naziri kimi İrəvana səfərindən və Ermənistanın müharibədə məğlubiyyətdən sonra ölkə prezidenti Armen Sarkisyanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı mesajdan danışıb:
“İkinci Qarabağ müharibəsi zamanı Ermənistana səfər etdim. Ermənistan məğlub olanda ölkə prezidenti bir mesajı Azərbaycan Prezidentinə çatdırmağımı istədi, çünki bu ölkədən Azərbaycana səfər edirdim. Ermənistan prezidenti mesajında deyib: “28 il öncə İrəvan güclü idi, Azərbaycan isə zəif. Biz də gəlib, Qarabağı işğal etdik. Sizinlə danışıqlar aparmadıq”.
Zərif qeyd edib ki, o, bu mesajı Azərbaycan Prezidentinə çatdırıb və bildirib ki, hakimiyyət dövründə sülh olmalıdır. Zərifin sözlərinə görə, İlham Əliyev buna cavab olaraq, “Məntiqli sözdür, biz də belə edəcəyik”, - deyib.