AZ

Münsur Əli: Londonda Novruzun qeyd olunması fərqli mədəniyyətləri anlamağın ən yaxşı yollarından biridir

London, 10 mart, AZƏRTAC

London son dərəcə müxtəlif bir şəhərdir, burada bir çox icmalar və zəngin mədəni irs var. Novruz isə ənənəvi Yeni ilin vacib xatırladıcısıdır. Müxtəlif xalqların bayramlarını tanıtmaq, qeyd etmək və daha geniş auditoriya ilə paylaşmaq olduqca önəmlidir. Fərqli mədəniyyətləri anlamağın ən yaxşı yolu, ənənəvi tədbirləri, xüsusən Yeni ili birlikdə qeyd etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu London Şəhər Korporasiyasının (City of London) Mədəniyyət, İrs və Kitabxanalar Komitəsinin sədri Münsur Əli AZƏRTAC-a açıqlamasında deyib. O, Londonun maliyyə mərkəzi “City of London”da azərbaycanlı təsisçi tərəfindən yaradılmış fintek şirkətinin keçirdiyi Novruz bayramı tədbiri haqqında öz fikirlərini bölüşüb.

Münsur Əli qeyd edib ki, tədbirin Londonun tarixi Mansion House iqamətgahında, “City of London”un Lord Merinin rəsmi rezidensiyasında keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O, tədbirdə uşaqların fəal iştirakından məmnun qaldığını və onların milli geyimlərdə iştirak etməsinin mühüm məqam olduğunu vurğulayıb: “Mən xüsusilə vurğulamaq istəyirəm ki, uşaqlar bu tədbirə böyük həvəslə qatıldılar və milli geyimlərdə iştirak etdilər. Biz, valideynlər və cəmiyyət olaraq, uşaqların öz mədəni irslərini qeyd etmələrinə və bu dəyərləri daha geniş icmalara təqdim etmələrinə imkan yaratmalıyıq. Bu, mədəniyyətlərin yaşaması və gələcək nəsillərə ötürülməsi üçün çox vacibdir”.

Sonda Münsur Əli fərqli mədəniyyətlərin və icmaların bir araya gəlməsinin London üçün böyük əhəmiyyət daşıdığını deyib: “Ən yaxşı əməkdaşlıq yolu, ilk növbədə, bu təcrübələri bölüşmək və tədbirlər vasitəsilə daha güclü tərəfdaşlıqlar qurmaqdır. Bu tədbirlərin daha geniş auditoriya üçün açıq olması vacibdir. “City of London” bu sahədə çox uğurlu addımlar atıb və müxtəlif icmaları tədbirlərinə cəlb edərək mədəni müxtəlifliyi qeyd edir. Düşünürəm ki, London müxtəlif mədəniyyətlər üçün ən açıq şəhərlərdən biridir. Burada gəlib dünyanın müxtəlif xalqlarının mədəniyyətlərini bir yerdə yaşamaq mümkündür”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
10
azertag.az

1Mənbələr