AZ

Nadir İsrafilov: "Məktəb direktorunun işdən çıxarılması çıxış yolu deyil"

Son günlər Azərbaycanda məktəb direktorları ilə bağlı bir neçə xoşagəlməz hadisə yaşanıb. Əvvəlcə Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun səsyazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Araşdırmalardan sonra direktor işdən çıxarılıb. O, müəllimlərin işə qəbulu imtahanı ilə məktəbə rəhbərlik edirdi.

Ötən gün yayılan xəbərlərdə isə Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddia edilib. Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hər iki hadisə məktəb direktorlarının təyinatı ilə bağlı müzakirələri yenidən qızışdırıb. Hazırda bir çox məktəbə direktorların işə qəbulu üzrə test imtahanından uğurla keçən şəxslər rəhbərlik edir. Ancaq bəzi ekspertlər bu prosedurun da uğursuz olduğunu düşünür. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsinə üstünlük veriləcək. Hələlik sözügedən prosedurun icrası başlanılmayıb.

Ekspertlər direktorların işə qəbulu imtahanı sisteminin özünü doğrultmadığını, sistemdə dəyişikliklərin edilməsini labüd hesab edir.

TehsilForumu.Az modern.az-a istinadla bildirir ki, elm və təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəb direktorunun işdən çıxarılması vəziyyətdən yeganə çıxış yolu deyil:

"Direktor işdən qovuldu" kimi ifadələr isə ümumiyyətlə elementar etik normaları ilə bir araya sığmır. "Müəllim imtahandan kəsildi" ifadəsi müəllim nüfuzunu aşağılamağa yönəlik bir yanaşma olduğu kimi “qovuldu” ifadəsi də məktəb rəbəri kimi məsul bir vəzifə daşıyan şəxs üçün həqarətdən başqa bir şey deyil. Bu kimi hallarla birinci dəfə deyil ki, rastlaşırıq və bunun ətrafinda şou yaratmaqla nəyə nail oluruq, bu barədə düşünməliyik. Yəni, bu məkrli, bu hikkəli adamlar necə və hansı yollarla bu kimi məsul vəzifələrə düşüblər və ya təyinat alıblar. Nə qədər ki, nəticəni qabardıb, səbəbdən yan keçmək yolunu tutacağıq, bu kimi xoşagəlməz halların baş verməsi də bir o qədər qaçılmaz olacaq.Sözü gedən faktla bağlı araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edililməsi ilə bağlı o da bildirilib ki, “təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.” Elə isə niyə baş verir və buna yol verilir?"Onun sözlərinə görə, məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir:“Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Məktəb direktoru bölgənin xarakterik xüsusiyyətlərinə bələd olmalı, ərazidə tanınmalı, ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır. Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır.Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır,  Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor  “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın VII bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub”.Müsahibimiz qeyd edib ki, bir müddət direktor sözünü menecerlə əvəz etməklə bu vəzifə bir az da şişirdildi:“Bəzi direktorlarda özlərini bu statustda hiss etməklə bir növ, özündən razılıq, müştəbehlik yarandı.  Halbuki, menecer sözü kütləvi ədəbiyyatda İnzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır. Menecerlər müxtəlif səviyyələrdə olurlar və eyni olmayan vəzifələri yerinə yetirirlər. Menecerin əsas işi resursları - maliyyə, fiziki, informasiya, insan resursları - effektiv və səmərəli şəkildə istifadə edərək şirkətin məqsədlərinə çatmaqdır. Direktorların menecerlərə çevrilməsi onların özünə inamını və özünə güvəninin bir az da gücləndirdi, müəyyən özbaşınalıqlarına yol açdı.Lakin məsələ heç də bunda deyil. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır.  Burada bir məsələ də var ki, imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə,  təyin edilmələridir. Məsələn, Xəzər rayonunda yaşayan biri Qaradağ rayonundakı məktəbə direktor təyin olunacaqsa, burda hansı səmərəli idarəetmədən söhbət gedə bilər? Direktor məktəbə müəllimlərdən heç olmasa ən gec halda 15-20 dəqiqə tez gəlməli və bir o qədər də gec getməlidir. Tıxacları da nəzərə alsaq, şəhərin bir başından digər başına 100 km-lərlə məsafəni qət edən direktorun vəziyyətini bir anlığa təsəvvür etməyə çalışaq”.Ekspert hesab edir ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər:"Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. “Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, “Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır? – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil. Çünki, son zamanlar tez-tez yazılı və elektron mediada bəzi məktəb direktorları tərəfindən rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verməsi, kollektiv üzvləri və valideynlərlə qaşıdurma yaratması kimi faktlarlarla raztlaşır, “Məktəb direktoru vəzifəsinə təyin edilərkən hansı amillər nəzərə alınmalıdır?” ; “Məktəb direktorları necə təyin edilməlidir?”, “Təyinat zamanı nələrə üstünlük verilməlidir?” ; “Vəzifəyə təyin olunarkən diplom, staj və ixtisas nə kimi önəm daşıyır?” və sair bu kimi suallara cavab axtarmalı oluruq.Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də bir o qədər az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir. Buna görə də direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalıdır. Müsabiqədə test və essedən daha çox müsahibə zamanı namizədin psixololi durumuna, ictimai və sosial həyat tərzinə diqqət yetirilməlidir. Cüzi bal fərqinə görə Şəkidə yaşayanı Lerikə, Yardımlıda yaşayanı Bakiya gətirməyə, ev-eşiyindən didərgin salmağa, 3 ildən sonra yenidən yerdəyişmə imtahanına cəlb etməyə nə ehtiyac var?Axı bir vaxtlar Bakı təhsilində kadrlardan ibarət ehtiyat bazası yaradılmışdı. Ən fəal və səriştəli direktor müavinləriin şəxsi işləri direktorluğa namizəd kimi ehtiyat bazasına daxil edilir, onlarla müvafiq təlimlər keçilir və yeri gəldikcə məktəb direktorları həmin təcrübəli müavinlər içərisindən seçilirdi. Həmin təcrübənin uğurlu nəticələri də göz qabağında idi. Bu halda təsadüfi bal toplayanların məktəb rəhbərliyinə gəlmələrinin də qarşısı müəyyən qədər alınırdı. Bəlkə həmin təcrübəni bərpa etməklə təsadüfi təyinatların qarşısını ala bilərik...? Istənilən halda, mövcud qaydalarla bağlı nəsə etməliyik”- N.İsrafilov qeyd edib.

Seçilən
11
1
tehsilforumu.az

2Mənbələr